Akrotiri bazasını vuran dron İran ərazisindən qalxmayıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi 2 martda Kiprdəki RAF Akrotiri bazasını hədəf alan dronun İran ərazisindən havaya qalxmadığını açıqlayıb.

40

Böyük Britaniyanın Müdafiə Nazirliyi 2 mart tarixində Cənubi Kipr Yunan Administrasiyasında yerləşən Britaniyaya məxsus Akrotiri hərbi bazasını hədəf alan dronun İran ərazisindən havaya qalxmadığını açıqlayıb.

Nazirliyin bəyanatında bildirilib ki, Yaxın Şərqdə Böyük Britaniyanın maraqlarını və müttəfiqlərini qorumaq məqsədilə “Royal Air Force”-a məxsus “F-35B və Typhoon” qırıcıları bölgədə gecə boyu uçuşlar həyata keçirib.

Açıqlamada qeyd olunub ki, “2 mart gecəsi RAF Akrotiri bazasını hədəf alan ‘Şahid’ tipli pilotsuz uçuş aparatı İran ərazisindən qalxmayıb”. Nazirlik son 24 saat ərzində bölgədəki Britaniya və müttəfiq bazalarına əlavə müdafiə sistemlərinin yerləşdirildiyini də vurğulayıb. Dronlara qarşı imkanlara malik “Wildcat” helikopterlərinin yaxın günlərdə Kiprə çatacağı bildirilib.

Cənubi Kiprdə yerləşən RAF Akrotiri bazası 2 martda dron hücumuna məruz qalmışdı. Müdafiə Nazirliyi bazanın uçuş-enmə zolağına düşən dronun insan tələfatına və ciddi maddi ziyana səbəb olmadığını, bazaya yönələn daha iki pilotsuz aparatın isə zərərsizləşdirildiyini açıqlamışdı.

Yunan mətbuatının məlumatına görə, yerli vaxtla saat 23:15-dən etibarən baza ərazisində və ətraf yaşayış məntəqələrində təhlükəsizlik siqnalı verilib, sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub. Radar sistemlərində müşahidə edilən naməlum obyekt səbəbindən bölgədə həyəcan siqnallarının işə salındığı iddia edilir.

Qeyd edək ki, Böyük Britaniyanın Kipr adasında iki hərbi bazası fəaliyyət göstərir.