ABŞ Prezidenti Donald Tramp İranın gələcək rəhbərliyi ilə bağlı açıqlama verərək, ölkəyə rəhbərlik edə biləcək şəxsin mütləq xaricdə yaşayan fiqur olmaya biləcəyini bildirib. Trampdan ABŞ-ın İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalına münasibəti soruşulub. Prezident bu suala cavabında qeyd edib ki, Vaşinqton bu variant üzərində ciddi şəkildə dayanmayıb.
“Düşünürəm ki, kimlərsə onu dəstəkləyir. Biz bu barədə çox düşünməmişik”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, İranın daxilində daha münasib namizəd ola bilər: “Məncə, ölkənin içindən olan biri daha uyğun ola bilər. Bu barədə danışmışam”.
Onun sözlərinə görə, İranın başına “hazırda ölkə daxilində olan və populyar fiqur” gələ bilər – əgər belə şəxslər mövcuddursa.
Trampın bu açıqlamaları ABŞ-ın İranla bağlı mümkün siyasi ssenariləri və post-mövcud hakimiyyət mərhələsinə münasibəti barədə yeni müzakirələrə yol açıb.
QAFSAM eksperti Novruzəli Yusubzadənin fikrincə, ABŞ təxminən yanvar ayının əvvəlindən etibarən İranda mümkün hakimiyyət dəyişikliyi halında ölkə daxilindən bir fiqurun önə çıxmasını daha məqsədəuyğun hesab edir. Ekspert bildirir ki, bu yanaşma müəyyən mənada “Venesuela variantı”na bənzər model ola bilər. Onun sözlərinə görə, İsrail üçün isə Rza Pəhləvinin hakimiyyətə qayıtması daha arzuolunandır. Çünki fars milliyyətçiliyi üzərində qurulacaq yeni siyasi sistem Tel-Əviv üçün daha yaxın müttəfiqə çevrilə bilər.
N.Yusubzadə qeyd edir ki, belə bir ssenaridə yeni hakimiyyət sosial dayaqlarının zəifliyi səbəbindən körfəz monarxiyaları kimi xarici dəstəyə bağlı qala bilər. Lakin İran daxilindən bir liderin seçilməsi halında ölkənin parçalanma ehtimalı azalacaq. Ekspertə görə, Tramp administrasiyası üçün əsas prioritet dini rejimin dəyişməsi və demokratik İran modelinin formalaşmasıdır. ABŞ üçün İranın qlobal sistemdə rolu mühüm əhəmiyyət daşıdığından, Vaşinqton ölkənin parçalanmasını arzuolunan ssenari kimi görmür. İsrail isə məsələyə daha çox milli təhlükəsizlik prizmasından yanaşır.
Ekspert əlavə edir ki, hazırkı mərhələdə konkret nəticə çıxarmaq tezdir. Onun fikrincə, Məsud Pezeşkian daha real fiqur kimi görünür. Çünki seçki yolu ilə legitimlik qazanmış və xalqın səsini almış yeganə şəxs məhz odur.
Çin üzrə mütəxəssis Pərviz Əliyev isə hesab edir ki, ABŞ-ın Rza Pəhləviyə ciddi dəstək verməsi inandırıcı görünmür. Onun sözlərinə görə, Rzanın İran daxilində güclü sosial bazası yoxdur və o, daha çox İsrailə yaxın fiqur kimi qəbul edilir ki, bu da Vaşinqton üçün tam məqbul variant sayılmır. P.Əliyev bildirir ki, Tramp üçün hazırkı hakimiyyət daxilindən bir şəxslə əməkdaşlıq daha sərfəlidir və “gəlin danışaq” çağırışı da məhz, bununla bağlıdır.
P.Əliyev İran siyasi səhnəsində digər mümkün fiqurlara da diqqət çəkir. Onun sözlərinə görə, Abbas Araqçi maraqlı və çevik açıqlamalar verən təcrübəli siyasətçidir. Məsud Pezeşkian isə daha təmiz imicli fiqur kimi xarakterizə olunur. Digər tərəfdən, Əli Laricaninin faktiki olaraq SEPAH-la ittifaq qurduğu bildirilir. Müharibə uzanarsa və Benyamin Netanyahu geri çəkilməzsə, SEPAH-ın təsir imkanlarının daha da artacağı proqnozlaşdırılır. P.Əliyev qeyd edir ki, mənşəcə yəhudi olan Laricaninin keçmişdə aparılan danışıqlarda mühüm rolu olub və bu səbəbdən həm İsrail, həm də ABŞ tərəfindən potensial tərəfdaş kimi nəzərdən keçirilə bilər.
Siyasi şərhçi Asif Nərimanlı isə bildirir ki, ABŞ-ın planı, mövcud rejimi tamamilə sıradan çıxarıb hakimiyyəti xalqın əlinə vermək olsa da, hələlik xalq içindən çıxan lider görünmür. Həm keçmiş hicab aksiyalarında, həm də 2026-cı ilin yanvar ayında baş verən etirazlarda önə çıxan konkret fiqur yox idi.
Bu boşluqdan istifadə etməyə çalışan şahın oğlu Rza Pəhləvi, İran daxilində azsaylı şah tərəfdarları vasitəsilə “xalq şahı istəyir” görüntüsü yaradır, həmçinin mühacirlərlə əlaqələr qurur, mitinqlər təşkil edir. Əsas məqsədi postrejim İranının idarəçiliyində ABŞ dəstəyini qazanmaqdır.
Lakin ABŞ Prezidenti Donald Trampın açıqlaması göstərir ki, Pəhləvinin namizədliyi Vaşinqtonun planına daxil deyil. Tramp qeyd edib ki, hakimiyyət dəyişikliyindən sonra İrana ölkə daxilində xalqın dəstəklədiyi mötədil bir şəxs rəhbərlik edə bilər. Tramp, Almaniya kansleri Fridrix Mertslə görüşündə jurnalistlərin sualına cavab olaraq bildirib: “Bəzi insanlar Pəhləvini bəyənsələr də, administrasiya onun liderliyini ciddi nəzərdən keçirməyib. Ölkənin onu qəbul edib-etməyəcəyini bilmirəm”.
Asif Nərimanlı vurğulayır ki, Pəhləvinin yaratdığı “yeganə lider” imici reallığa söykənmir. İran xalqı həm keçmiş şah zülmlərini, həm də mövcud rejimin əleyhinə mübarizəni unutmur. Eyni zamanda, ölkədə həlledici mövqeyə malik azərbaycanlılar və digər etnik qruplar Pəhləvi və onun keçmiş rejiminin geri dönüşünü qəbul etməyəcəklər.