Müasir Olimpiya Oyunlarının ilk buraxılışına aid medal hərracda gözləniləndən xeyli yüksək qiymətə satılıb.
MSNews.az xəbər verir ki, 1896-cı il Afina Olimpiadasına məxsus gümüş medal Danimarkada keçirilən onlayn hərracda təxmin edilən maksimum qiymətin təxminən dörd qatına alıcı tapıb.
Bruun Rasmussen Arts Auctioneers hərrac evində keçirilən satışda medal 900 min Danimarka kronuna (təxminən 141 min dollar) satılıb. Alıcı komissiyası daxil olmaqla yekun məbləğ 1 milyon 152 min krona (təxminən 181 min dollar) çatıb. Halbuki lotun əvvəlcədən 200–300 min kron aralığında satılacağı gözlənilirdi.
Medal fransız rəssamı Jüle-Kleman Şaplen tərəfindən hazırlanıb. Onun ön hissəsində əlində zeytun budağı tutan Qələbə ilahəsi Nika ilə birlikdə qlobusu saxlayan Zevs təsvir olunub. Arxa tərəfində isə Afina Akropolu və Parfenonun görüntüsü, eləcə də “Beynəlxalq Olimpiya Oyunları – Afina 1896” yazısı yer alır.
1896-cı il Afina Olimpiadası müasir dövrün ilk Oyunları hesab olunur. Yarışlarda 14 ölkədən 241 idmançı iştirak etmişdi. Hərrac evi medalı Danimarkanın ilk olimpiya ağır atletika çempionu Viqqo Yensenlə əlaqələndirsə də, onun məhz bu nailiyyətə görə verildiyini təsdiqləyə bilməyib.
Bu satış Olimpiya tarixinin nadir kolleksiya əşyalarına olan marağın və bazar dəyərinin artdığını bir daha göstərir.