Xameneinin ölümündən sonra Xomeyninin nəvəsi gündəmdə

İranın ali rəhbəri Əli Xameneinin ölümündən sonra Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni mümkün varis kimi diqqət mərkəzinə düşüb. Onun siyasi mövqeyi və şansları barədə ətraflı.

41

İranın ali rəhbəri Əli Xameneinin ABŞ-İsrail hücumu nəticəsində öldürülməsindən sonra ölkədə siyasi gündəmin əsas mövzusu onun yerinə kimin keçəcəyi ilə bağlıdır. Bu fonda İslam Respublikasının banisi Ruhullah Xomeyninin nəvəsi, ruhani Həsən Xomeyninin adı mümkün namizədlər sırasında ön plana çıxır.

İranda ali rəhbəri seçmək səlahiyyəti Ekspertlər Məclisinə məxsusdur. 53 yaşlı Həsən Xomeyni dini dairələrdə “nisbətən mülayim” fiqur kimi tanınır və islahatçı siyasətçilərlə yaxın münasibətləri ilə seçilir. O, sabiq prezidentlər Məhəmməd HatəmiHəsən Ruhani ilə yaxın əlaqələrə malikdir.

Hazırda o, Tehranın cənubundakı Xomeyni məqbərəsinin qəyyumudur və indiyədək hökumətdə rəsmi vəzifə tutmayıb.

Həsən Xomeyni ötən illərdə bəzi məsələlərdə hakimiyyətə tənqidi yanaşması ilə diqqət çəkib. 2021-ci ildə Mühafizəçilər Şurasının islahatçı namizədləri prezident seçkilərindən kənarlaşdırmasını açıq şəkildə tənqid etmişdi. Həmin qərar sərt xətt tərəfdarı İbrahim Rəisinin qələbəsinə yol açmışdı.

2022-ci ildə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edən Məhsa Əmininin ölümü ilə bağlı isə şəffaf araşdırma və cavabdehlik tələb etmişdi. Bununla yanaşı, o, ölkədə baş verən iğtişaşlar zamanı sistemə sədaqət nümayiş etdirərək ali rəhbər əleyhinə şüarları tənqid etmişdi.

Bəzi siyasətçilər hesab edir ki, ölkədə artan sosial narazılıq fonunda daha mülayim fiqurun ali rəhbər seçilməsi hakimiyyətin legitimliyini gücləndirə bilər. Digər tərəfdən, sərt xətt tərəfdarları arasında Xameneinin oğlu Müctəba Xameneinin də adı hallanır.

Həsən Xomeyni dini rütbə baxımından “Höccətülislam” statusuna malikdir ki, bu da ayətullahdan bir pillə aşağıdır. O, daha əvvəl Ekspertlər Məclisinə namizəd olmaq istəsə də, Mühafizəçilər Şurası tərəfindən diskvalifikasiya edilmişdi.

O, 2015-ci il nüvə sazişini dəstəkləyən Ruhani hökumətini müdafiə edib. İsrailə qarşı sərt ritorika ilə çıxış etsə də, Qərb fəlsəfəsinə maraq göstərməsi və sosial azadlıqlar barədə daha açıq mövqeyi ilə fərqlənir.

İranda ali rəhbər postu ilə bağlı qərarın yaxın günlərdə dini elita daxilində aparılan müzakirələrdən sonra verilməsi gözlənilir.