Qədim qarışıqlarda Neandertal kişilər üstünlük təşkil edib – ARAŞDIRMA

Yeni genetik araşdırma göstərir ki, Neandertallarla Homo sapiens arasında baş verən qədim qarışıqlar əsasən Neandertal kişilər və Homo sapiens qadınlar arasında olub.

44

Alimlər Neandertallarla Homo sapiens arasında baş verən qədim qarışıqların cinsi yönümü ilə bağlı yeni nəticələr açıqlayıblar. “Science” jurnalında dərc olunan araşdırma göstərir ki, bu qarışıqlar əsasən Neandertal kişilər və Homo sapiens qadınlar arasında baş verib.

Tədqiqat “X” xromosomu üzərində aparılan genetik analizə əsaslanır. “X” xromosomu insanın iki cinsi xromosomundan biridir. Qadınlarda iki “X” xromosomu, kişilərdə isə bir “X” və bir “Y” xromosomu olur. Alimlər həm müasir insanlarda, həm də qədim Neandertal genomlarında “X” xromosomunu müqayisə edərək maraqlı nümunə aşkar ediblər.

Məlum olub ki, bu gün Afrika xaricində yaşayan insanların genomunun təxminən 1–4 faizi Neandertal mənşəlidir. Lakin bu Neandertal genləri “X” xromosomunda demək olar ki, yoxdur. Eyni zamanda, araşdırılan üç Neandertal genomunda isə Homo sapiens mənşəli DNT-nin məhz, “X” xromosomunda daha çox olduğu müəyyən edilib. Bu model Neandertal kişilərlə Homo sapiens qadınların cütləşməsi ehtimalını gücləndirir.

Tədqiqatın həmmüəllifi, Pensilvaniya Universitetinin genetik alimi Aleksandr Platt bildirib ki, bu tendensiyanın səbəbi məlum deyil. Onun sözlərinə görə, bu, qarşılıqlı seçim, məcburiyyət və ya başqa sosial ssenarilər nəticəsində baş vermiş ola bilər. Araşdırmanın digər müəllifi Sara Tişkoff isə qeyd edib ki, arxeoloji və genetik məlumatlar həmin qarşılıqlı münasibətlərin sülh yolu ilə, yoxsa zorakılıq kontekstində baş verdiyini müəyyən etməyə imkan vermir.

Alimlər həmçinin vurğulayırlar ki, əvvəlki fərziyyələrə görə, Neandertal genlərinin “X” xromosomunda az olması bioloji uyğunlaşmazlıqla izah edilirdi. Yəni Neandertal genlərinin müasir insanlarda sağlamlıq problemlərinə səbəb olduğu və təbii seçmə nəticəsində sıradan çıxdığı düşünülürdü. Lakin Neandertalların “X” xromosomunda Homo sapiens DNT-sinin çox olması bu nəzəriyyəni zəiflədir.

Homo sapiens və Neandertalların ortaq əcdadı təxminən 600 min il əvvəl yaşamışdı. Daha sonra Neandertallar Avropada, Homo sapiens isə Afrikada inkişaf edib. Homo sapiens Afrikadan çıxdıqdan sonra Avropa və Asiyada Neandertallarla qarşılaşıb və qarışıqlar ən azı 250 min il əvvəl başlayıb. Daha intensiv gen axını isə təxminən 47 min il əvvəl baş verib.

Neandertallar təxminən 40 min il əvvəl yoxa çıxsalar da, onların genetik izi bu gün də insanların böyük hissəsində qalır. Alimlər hesab edirlər ki, bir vaxtlar Homo sapiens say baxımından Neandertalları xeyli üstələdiyi üçün zamanla onların genləri müasir insan populyasiyasında “ərimiş” ola bilər.

Tədqiqatçılar bildirirlər ki, bu nəticələr qədim insan münasibətlərinin daha mürəkkəb və çoxşaxəli olduğunu göstərir və gələcək arxeoloji tapıntılar həmin əlaqələrin xarakterinə daha çox aydınlıq gətirə bilər.