Zelenski Tramp ilə müharibənin dayandırılmasını müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Cenevrə görüşləri, üçtərəfli danışıqlar və hava hücumundan müdafiə məsələlərini müzakirə etdiklərini bildirib.

46

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və söhbət zamanı müharibənin sona çatdırılması istiqamətində davam edən səylərin müzakirə edildiyini açıqlayıb.

Kiyevdən sosial şəbəkə hesabı vasitəsilə paylaşım edən Zelenski bildirib ki, danışıqda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşner də iştirak edib. O, Uitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustam Umerov ilə görüşəcəyini xatırladıb. Zelenski Tramp ilə söhbətində Cenevrədə planlaşdırılan ikitərəfli görüşləri, eləcə də martın əvvəlində Rusiya, UkraynaABŞ-nin iştirakı ilə keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqların yeni mərhələsinə hazırlıqları müzakirə etdiklərini qeyd edib və bunun liderlər səviyyəsində danışıqlara keçid üçün fürsət yaradacağına ümid etdiyini bildirib.

Trampın müharibənin dayandırılması istiqamətində aparılan bu səyləri dəstəklədiyini vurğulayan Zelenski, bütün çətin və həssas məsələlərin həllinin və nəhayət müharibəyə son qoyulmasının yeganə yolunun məhz bu prosesdən keçdiyini deyib. O, həmçinin Rusiyanın hücumları səbəbindən Ukraynanın ağır qış mövsümü keçirdiyini bildirərək, telefon danışığında hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükü məsələsinin də müzakirə olunduğunu açıqlayıb.