İsrail ordusu Qərb sahilində reydlər keçirdi, evlər söküldü

İsrail ordusu işğal altındakı Qərb sahilində Lubben və Yabed qəsəbələrinə reydlər keçirib, Ramallah yaxınlığında 3 ev sökülüb.

36

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif yaşayış məntəqələrində reydlər həyata keçirib.

Nablusun cənubundakı Lubben qəsəbəsinin bələdiyyə rəhbəri Yakub Uveys bildirib ki, İsrail hərbçiləri yaşayış məntəqəsinə daxil olaraq fələstinlilərin evlərində axtarış aparıb. Onun sözlərinə görə, bəzi gənclər saxlanılıb, evlərdəki əşyalara ziyan vurulub. Saxlanılanların sayı barədə məlumat verilməyib.

Yerli mənbələrin bildirdiyinə görə, bölgənin şimalındakı Yabed qəsəbəsində də oxşar əməliyyatlar keçirilib. İsrail əsgərləri burada da evlərdə axtarış apararaq bəzi şəxsləri saxlayıb.

Məlumata əsasən, İsrail ordusu Ramallah şəhərinin qərbində yerləşən Beyt Ləqiya qəsəbəsinə buldozerlərlə daxil olub və “icazəsiz tikili” iddiası ilə fələstinlilərə məxsus üç evi və bir toyuq damını söküb.

İsrail hakimiyyəti işğal altındakı ərazilərdə tez-tez “tikinti icazəsi olmaması” əsas gətirilərək evlərin dağıdıldığını bildirir. Fələstin tərəfi isə xüsusilə “C zonası”nda tikinti icazəsi almağın demək olar ki, mümkünsüz olduğunu qeyd edir.

1995-ci ildə imzalanmış Oslo II sazişinə əsasən, Qərb sahili “A”, “B” və “C” zonalarına bölünüb. Ərazinin 61 faizini təşkil edən “C zonası”nın inzibati və təhlükəsizlik nəzarəti İsrailə məxsusdur.

Yabed bələdiyyəsinin rəhbəri Emced Atatire bildirib ki, son vaxtlar reydlər intensivləşib və bu addımlar İsrailin bölgədə yaşayış məntəqələrini genişləndirmə siyasəti ilə əlaqəlidir.

Fələstin rəsmilərinin məlumatına görə, 2023-cü ilin oktyabrından – Qəzza zolağında hərbi əməliyyatların başlanmasından – bu yana Qərb sahili və Şərqi Qüdsdə reydlər, saxlanmalar və ev söküntüləri artıb. Bu müddətdə azı 1116 fələstinli həyatını itirib, 11 500-dən çox insan yaralanıb, 22 mindən artıq şəxs saxlanılıb.