Sudanlı insan haqları təşkilatı “Fövqəladə Vəziyyət Vəkilləri Qrupu” ölkənin qərbində yerləşən Şimali Darfur ştatının Mastariha kəndində Çevik Dəstək Qüvvələri (ÇDQ) tərəfindən “ölümcül” hücum həyata keçirildiyini açıqlayıb.
Təşkilatın yazılı bəyanatında bildirilir ki, ÇDQ kəndə basqın edib, çoxsaylı evləri yandırıb. Hücumdan əvvəl səhiyyə məntəqəsi, bazar yeri, qonaq evləri və mülki şəxslərə məxsus yaşayış evlərinin pilotsuz uçuş aparatları ilə vurulduğu iddia olunur. Məlumata görə, hücum nəticəsində ölənlər var, onlarla sakin isə bölgəni tərk etmək məcburiyyətində qalıb.
Açıqlamada hadisənin beynəlxalq humanitar hüququn və insan haqlarının “açıq pozuntusu” olduğu vurğulanıb və bunun Darfurda mülki əhaliyə qarşı sistemli hücumların davamı kimi qiymətləndirildiyi bildirilib. Hüquq müdafiəçiləri baş verənləri “soyqırımı və insanlığa qarşı cinayət” kimi xarakterizə edərək, faktların araşdırılması və məsul şəxslərin cəzalandırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə çağırış ediblər.
ÇDQ isə ittihamlarla bağlı hələlik rəsmi mövqe bildirməyib. Bununla yanaşı, bəzi ÇDQ üzvlərinin sosial mediada Mastarihanın nəzarətə götürüldüyünü iddia edən görüntülər paylaşdığı qeyd olunur.
Sudanda 15 aprel 2023-cü ildən etibarən ordu ilə ÇDQ arasında şiddətli toqquşmalar davam edir. Münaqişə dünyanın ən ağır humanitar böhranlarından birinə çevrilib. On minlərlə insan həyatını itirib, təxminən 13 milyon nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Hazırda ÇDQ ölkənin 18 ştatından 5-nin inzibati mərkəzinə nəzarət edir. Sudan ordusu isə paytaxt Xartum da daxil olmaqla cənub, şimal, şərq və mərkəzi bölgələrin böyük hissəsində mövqelərini qoruyur.
ÇDQ lideri Məhəmməd Həmdan Dəqlonun rəhbərliyi ilə qüvvələr 2025-ci ilin oktyabrında Darfur bölgəsinin ən böyük şəhəri olan Faşirə daxil olmuşdu. Həmin vaxt şəhərdə kütləvi qırğınların törədildiyi barədə ciddi iddialar səsləndirilmişdi.