Şimali Koreyanın hakim Koreya Fəhlə Partiyasının qurultayında ölkə lideri Kim Çen In yenidən partiyanın baş katibi seçilib. Dövlət mediasının yaydığı məlumata görə, bu qərar Kim Çen Inin ölkə daxilində mütləq hakimiyyətini və siyasi sabitliyə artan inamını bir daha təsdiqləyir.
Şimali Koreyanın rəsmi “Koreya Mərkəzi Xəbər Agentliyi” (KCNA) xəbər verir ki, Kim Çen Inin rəhbərliyi dövründə ölkənin beynəlxalq mövqeyi güclənib, nüvə qüvvələri isə hərbi strategiyanın mərkəzinə çevrilərək “elit və güclü ordu” formalaşdırılıb. Dövlət mediası bildirir ki, nüvə silahlarına əsaslanan çəkindirmə potensialı əhəmiyyətli dərəcədə artırılıb.
Analitiklərin fikrincə, Kim Çen Inin yenidən baş katib seçilməsi rejimin “böhran idarəetməsi” mərhələsindən çıxaraq uzunmüddətli və daha sabit idarəetmə mərhələsinə keçdiyini göstərir. Cənubi Koreyanın Kyunqnam Universitetinin Şimali Koreya üzrə eksperti Lim Iıl-çul bu addımı liderliyin özünəinamının açıq mesajı kimi qiymətləndirib.
Qurultay çərçivəsində partiyanın Mərkəzi Komitəsinə yeni üzvlər seçilib və partiya nizamnaməsinə dəyişikliklər edilib. Dəyişikliklərin detalları açıqlanmasa da, bəzi tanınmış simaların rəhbər strukturlardan kənarlaşdırıldığı bildirilir. Keçmiş xarici işlər naziri Ri Su Yonq, Ali Xalq Məclisinin Daimi Komitəsinin sədri Çoe Ryon He və yüksək rütbəli hərbi funksioner Ri Pyonq Çolun yeni siyahıda yer almaması “köhnə qvardiyanın” zəiflədilməsi kimi şərh olunur.
Qurultayda Kim Çen Inin yeniyetmə qızı, mümkün varis kimi adı çəkilən Cu Aenin görünməməsi də diqqət çəkib. Beş ildən bir keçirilən və minlərlə nümayəndənin qatıldığı IX qurultay Cənubi Koreya tərəfindən yeni daxili və xarici siyasət siqnalları baxımından yaxından izlənilir. Lakin indiyədək ciddi siyasət dəyişikliklərinə dair açıq mesajlar verilməyib, müzakirələr əsasən iqtisadi çətinliklərin arxada qalması və partiyanın rolunun vurğulanması üzərində cəmlənib.