Qrenlandiya ABŞ-nin xəstəxana gəmisi təşəbbüsünü rədd etdi

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın göndərmək istədiyi xəstəxana gəmisinə ehtiyac olmadığını və ölkədə pulsuz səhiyyə sistemi mövcud olduğunu bildirib.

43

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Tramp tərəfindən adaya xəstəxana gəmisi göndəriləcəyi barədə səsləndirilən fikirlərə cavab olaraq belə bir gəmiyə ehtiyac duymadıqlarını bildirib.

Nilsen sosial media hesabında paylaşım edərək qeyd edib ki, ABŞ-ın Qrenlandiyaya xəstəxana gəmisi göndərmək istədiklərini qeydə alıblar, lakin bu təşəbbüsü qəbul etmirlər. Onun sözlərinə görə, Qrenlandiyada ödənişsiz səhiyyə sistemi mövcuddur və bu, cəmiyyətin əsas dəyərlərindən biridir.

Baş nazir ABŞ-da səhiyyə xidmətlərinin ödənişli olduğunu xatırladaraq bildirib ki, əməkdaşlıq və dialoqa hər zaman açıqdırlar, xüsusilə də ABŞ ilə münasibətlərdə. Lakin o, sosial şəbəkələrdə açıqlama vermək əvəzinə birbaşa dialoqa üstünlük verilməsinin daha doğru olacağını vurğulayıb.

Digər tərəfdən, Danimarkanın müdafiə naziri Troels Lund Poulsen də yerli mediaya açıqlamasında Qrenlandiyanın xüsusi səhiyyə təşəbbüsünə ehtiyac duymadığını və vətəndaşların zəruri tibbi xidmətlər aldığını bildirib.

Tramp isə daha əvvəl paylaşımında xəstəxana gəmisinin Qrenlandiyaya doğru yola çıxdığını qeyd etmişdi. O, Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etdiyi Luiziana ştatının qubernatoru Ceff Lendri ilə bu istiqamətdə iş apardıqlarını açıqlamışdı.

Qrenlandiya sakinləri daha əvvəl də ABŞ-ın ada ilə bağlı siyasətinə etiraz etmiş və Danimarkaya bağlı sosial sistem çərçivəsində pulsuz səhiyyə xidmətlərindən razı olduqlarını bildirmişdilər.