ABŞ Prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner, Qəzza zolağının yenidən inşası üçün 7 milyard dollardan artıq maliyyə resursunun təmin edildiyini açıqlayıb və bu məqsədlə yaradılan Qəzza İdarəetməsi üzrə Milli Komitəyə (NCAG) beynəlxalq dəstəyin vacibliyini vurğulayıb.
Kuşner bu açıqlama ilə Vaşinqtonda yerləşən ABŞ Sülh İnstitutunda Qəzza üzrə formalaşdırılan Sülh Şurasının ilk iclasında çıxış edib. Təqdimat zamanı Qəzzanın bərpasına dair vizual plan nümayiş etdirilib və Kuşner bunun görülən işlərin yalnız “kiçik bir hissəsi” olduğunu bildirib.
O, Qəzzanın gələcəyinə erkən mərhələdə dəstək verən ölkələrə təşəkkür edərək qeyd edib ki, bu təşəbbüs gələcəyin fərqli ola biləcəyinə inanan, nüfuzunu, resurslarını və vaxtını ortaya qoymağa hazır olan dövlətlərin birgə səylərinin nəticəsidir. Kuşner bildirib ki, əsas problem maliyyə çatışmazlığı deyil, planın düzgün və koordinasiyalı şəkildə icra edilməsidir.
Kuşner tərəfindən hazırlanmış təqdimat videosunda Qəzzada təhlükəsiz yaşayış zonalarının yaradıldığı, fələstinli ailələr üçün mənzil, qida, səhiyyə və təhsil imkanlarının təmin olunmağa başlandığı iddia edilib. Videoda infrastruktur layihələrinin Dünya Bankı və ABŞ-la koordinasiyalı şəkildə aparılacağı, yüz minlərlə insanın bərpa və ticarət fəaliyyətlərinə cəlb ediləcəyi qeyd olunub.
Təqdimata əsasən, nəqliyyat, su və enerji sistemləri bərpa ediləcək, müasir iqtisadi model formalaşdırılacaq. Bildirilib ki, üçüncü ilə qədər Rəfah şəhərinin tam yenidən qurulması, işsizliyin azaldılması və Qəzzanın regional və qlobal marşrutlara inteqrasiyası hədəflənir. Qəzzanın Misir, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, eləcə də, Hindistan və Avropa ilə əlaqələndiriləcəyi vurğulanıb.
Sonda qeyd olunub ki, Qəzza 10 il ərzində özünüidarəetmə qabiliyyətinə malik, sənaye və yaşayış infrastrukturu inkişaf etmiş, regiona inteqrasiya olunmuş bir əraziyə çevrilə bilər və bu, “Qəzzanın təhlükəsiz, firavan və dinc şəkildə yenidən doğuluşu”nun əsas çərçivəsini təşkil edir.