ABŞ Dövlət katibi Marko Rubionun Kubanın keçmiş dövlət başçısı Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriges Kastro ilə gizli təmaslar apardığı iddia olunub.
Amerikanın “Axios” xəbər platformasının mövzuya yaxın üç mənbəyə istinadla yaydığı məlumata görə, sözügedən görüşlər rəsmi danışıqlardan daha çox “gələcəyə yönəlik fikir mübadiləsi” xarakteri daşıyır. Bildirilir ki, diplomatik kanallar kənarda saxlanılmaqla keçirilən bu təmaslar “olduqca dostcasına” atmosferdə baş tutur.
Məlumatda ABŞ administrasiyasının mövqeyinin Kubadakı mövcud rejimin dəyişməli olduğu istiqamətində formalaşdığı, prosesin yekun nəticəsinin isə ABŞ Prezidenti Donald Tramp tərəfindən müəyyən ediləcəyi irəli sürülür.
“Axios”-un yazdığına görə, Rubio hazırkı Kuba dövlət başçısı Migel Dias-Kanel və ya digər yüksək vəzifəli Kuba rəsmiləri ilə birbaşa təmas qurmayıb. Vaşinqton administrasiyası 94 yaşlı Raul Kastronu hələ də ölkənin “əsas qərarverici fiquru” kimi qiymətləndirir.
Xəbərdə həmçinin ABŞ-ın Havana üzərində təzyiqləri artırdığı, bu çərçivədə Vaşinqtonun yanvarın əvvəlində Venesuela Prezidenti Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyatın Kubaya yönəlik siyasi basqını daha da gücləndirdiyi qeyd olunur.
Xatırladaq ki, Donald Tramp fevralın 17-də ABŞ-ın Kuba ilə təmasda olduğunu təsdiqləyərək, bu əlaqələrin məhz, Dövlət katibi Marko Rubio vasitəsilə həyata keçirildiyini bildirmişdi. Tramp Kubanı “uğursuz dövlət” adlandıraraq, “Onlar mütləq razılaşma əldə etməlidirlər” demişdi.