Ubanq dili Niger-Konqo dilləri ailəsinin Bendi qrupuna aid olub, Nigeriyada eyniadlı kənddə danışılan nadir dillərdən biridir. Bu dilin ən diqqətçəkən xüsusiyyəti kişilər və qadınların fərqli formada danışmasıdır.
Ubanq icmasında kişilər və qadınlar ayrı leksik formalar və ifadələrdən istifadə edirlər. Oğlan uşaqları təxminən 10 yaşına qədər qadınların danışıq formasında danışa bilər və bu, normal qəbul olunur. Lakin 10 yaşdan sonra oğlanın “kişi dili”nə keçməsi gözlənilir.
Əgər yeniyetmə yaşına çatmış oğlan hələ də qadın danışıq formasından istifadə edərsə, bu, cəmiyyətdə “anormallıq” kimi qiymətləndirilə bilər. Əksinə, “kişi dili”ndə danışmaq artıq onun yeniyetməlik mərhələsinə keçdiyini göstərir.
Ubanqlılar bu dil fərqliliyini Tanrının onlara bəxş etdiyi xüsusi bir nemət kimi qəbul edirlər. Onların arasında məşhur bir ifadə var:
“Tanrı Adəm, Həvva və Ubanq xalqını yaradıb.”
Bu yanaşma dili yalnız ünsiyyət vasitəsi deyil, həm də kollektiv kimliyin əsas dayağı kimi göstərir.
Nigeriya Linqvistika Assosiasiyası 2016-cı ildə ölkədə danışılan təxminən 500 dildən 50-yə yaxınının yaxın illərdə yox olma riski ilə üzləşdiyini açıqlayıb. Təhlükə altında olan dillər arasında Ubanq dili də yer alır.
İcma nümayəndələri gələcəkdə Ubanq dili mərkəzinin yaradılmasını arzulayırlar. Onların fikrincə, dil yox olarsa, Ubanq xalqının özü də tarix səhnəsindən silinə bilər.