Cenevrədə Ukrayna–Rusiya sülh danışıqları yarımçıq dayandırıldı

37

Ukrayna və Rusiya arasında İsveçrənin Cenevrə şəhərində ABŞ-nin vasitəçiliyi ilə keçirilən sülh danışıqları cəmi iki saatdan sonra yarımçıq başa çatıb.

Reuters agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların “çətin” keçdiyini bildirib və Rusiyanı müharibəyə son qoyacaq razılaşma prosesini bilərəkdən uzatmaqda ittiham edib.

Zelenskiy “X” platforması üzərindən paylaşımında qeyd edib ki, görüşlər gərgin atmosferdə keçib və Moskva artıq yekun mərhələyə çata biləcək müzakirələri süni şəkildə ləngidir. Prezidentin açıqlamasından bir neçə dəqiqə sonra Rusiyanın dövlət xəbər agentliyi danışıqların başa çatdığını bildirib. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlərə açıqlamasında əlavə danışıqların keçiriləcəyini desə də, konkret tarix açıqlamayıb. Ukrayna rəsmiləri də görüşlərin təxminən iki saat davam etdiyini təsdiqləyiblər.

Danışıqlar ABŞ Prezidenti Donald Trampın son günlər Ukraynaya güzəşt çağırışlarını səsləndirməsi fonunda baş tutub. Zelenski ABŞ-nin “Axios” nəşrinə verdiyi müsahibədə Trampın yalnız Ukraynaya təzyiq göstərməsini “ədalətsiz” adlandırıb və Rusiyanın işğal etmədiyi ərazilərdən imtina edilməsini nəzərdə tutan hər hansı sülh planının referendum yolu ilə də Ukrayna xalqı tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.

Müharibənin dördüncü ildönümü ərəfəsində keçirilən Cenevrə görüşlərində əsasən texniki və praktiki məsələlərin müzakirə olunduğu bildirilib. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov ciddi irəliləyiş gözləmədiklərini açıqlasa da, Rusiya mənbələri danışıqları “çox gərgin” kimi xarakterizə edib. Daha əvvəl ABŞ-nin vasitəçiliyi ilə Əbu-Dabidə keçirilən iki raundlu danışıqlar da əhəmiyyətli nəticə verməmişdi.

Hazırda Rusiya Ukraynanın təxminən 20 faiz ərazisini, o cümlədən Krım yarımadasını və Donbas bölgəsinin bir hissəsini nəzarətdə saxlayır. Son aylarda enerji infrastrukturuna endirilən zərbələr isə sərt qış şəraitində yüz minlərlə ukraynalını işıqsız və istiliksiz qoyub. Cenevrə danışıqlarının nəticəsiz qalması fonunda Ukrayna dövlət istiqrazlarının qiymətində də eniş qeydə alınıb.