DNA-nın ikili spiral quruluşunu kəşf edən Ceyms Uotsonun Epşteynin evində çəkilmiş fotosu üzə çıxıb

50

DNA-nın ikili spiral quruluşunun kəşfçilərindən biri, Nobel mükafatlı amerikalı alim Ceyms Uotsonun amerikalı milyarder Ceffri Epşteynəməxsus Nyu-Yorkdakı malikanədə 3 qadınla birlikdə çəkilmiş fotosu üzə çıxıb. “The Telegraph qəzetinin əldə etdiyi sənədlərdə yer alan fotonun, ehtimal ki, 2010-cu illərin sonlarına aid olduğu bildirilir.

Məlumata görə, foto Epşteynin malikanəsinin böyük salonunda çəkilib. Şəkildə Uotson üç qadınla birlikdə görünür və qadınlardan birinin əlində alimin elmi məqaləsinin olması diqqət çəkir. Sənədlərdə qeyd olunur ki, sözügedən məqalə “Antioksidanlarını aradan qaldırmaqla müalicəsi mümkün olmayan xərçəngləri dayandırmaq” mövzusunda elmi işdir və 2013-cü ildə dərc edilib.

1962-ci ildə britaniyalı alim Frensis Krik ilə birlikdə DNA-nın ikili spiral quruluşunu kəşf etdiyinə görə Nobel mükafatı alan Uotsonun Epşteynə yaxın çevrəyə daxil olduğu iddia olunur. Məqalədə vurğulanır ki, Uotsonun 2007-ci ildə afrikalılar barədə səsləndirdiyi və geniş tənqidlərə səbəb olan “onlar bizim qədər ağıllı deyillər” fikrini Epşteyn də müdafiə edib.

Sənədlərdə Epşteynin dilçi alim Noam Çomski ilə söhbətlərində Uotsonla bağlı səsləndirdiyi, “Ceyms Uotsonun bəzi şəxsi baxışları ictimaiyyətə açıldı və bu səbəbdən cəmiyyətdən kənarlaşdırıldı. Bəzi narahatedici həqiqətləri qəbul etmək lazım gələ bilər” sözlərinə də yer verilir.

Məqalədə vurğulanır ki, Uotsonun fotosunun Epşteynin malikanəsində olması onun hər hansı qanunsuz fəaliyyətə cəlb edildiyini sübut etmir. Bununla belə, bu fakt Epşteynin nüfuzlu elm, siyasət və mədəniyyət nümayəndələrini ətrafında toplamaq strategiyasının bir hissəsi kimi dəyərləndirilir.

Açıqlanan sənədlər arasında Epşteynin köməkçisi tərəfindən 2017-ci ildə göndərilən elektron məktub da yer alır. Məktubda “Dr. Uotson sizə bir məqalə göndərdi. Sizin üçün yemək masasının üzərinə qoydum” ifadələri yer alıb. Həmçinin Uotsonun bu elmi işi Danimarkada keçdiyi dərslərdən birində müzakirə etdiyi qeyd olunur.

Qeyd edək ki, Ceffri Epşteyn ABŞ-də azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunduğu dövrdə həbsxanada ölü tapılıb. Ceyms Uotson isə ötən il 97 yaşında vəfat edib.