Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı beynəlxalq nizamın “sona çatdığı” və dünyanın çoxqütblü mərhələyə keçdiyi mesajları fonunda yekunlaşıb. Üç gün davam edən tədbirdə bir çox Avropa lideri “daha Avropalı NATO” çağırışı səsləndirib və qitənin təhlükəsizlik sahəsində daha böyük məsuliyyət götürməli olduğunu vurğulayıb.
Konfrans çərçivəsində beynəlxalq sistemin “dağılma mərhələsində” olduğu fikirləri geniş müzakirə olunub. Almaniya kansleri Fridrix Merz açılış nitqində qaydalara əsaslanan beynəlxalq nizamın artıq əvvəlki formada mövcud olmadığını bildirib. Onun sözlərinə görə, Berlin divarının dağılmasından sonra formalaşmış təkqütblü dünya artıq keçmişdə qalıb və ABŞ-nin qlobal liderlik rolu sual altındadır.
ABŞ dövlət katibi Marko Rubio isə Avropanı Vaşinqtonun yenilənmə prosesinə qoşulmağa çağırıb. O, Avropa ilə ABŞ arasında yalnız hərbi və iqtisadi deyil, həm də mənəvi və mədəni bağların mövcud olduğunu qeyd edib və “köhnə dünyanın artıq olmadığını” vurğulayıb.
İspaniyanın baş naziri Pedro Sançes dünyanın getdikcə daha qeyri-sabit hala gəldiyini bildirərək Avropanın müdafiə potensialını gücləndirməsinin vacibliyini önə çəkib. O, eyni zamanda nüvə silahlanma yarışının təhlükəli nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırıb.
Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen isə Avropa İttifaqının qarşılıqlı müdafiə mexanizminin tətbiqinin vaxtının çatdığını bəyan edib. NATO-nun baş katibi Mark Rütte isə Alyansın Berlin divarının süqutundan bəri ən güclü dövrünü yaşadığını və Aİ ilə əməkdaşlığın heç vaxt indiki qədər sıx olmadığını bildirib.
Konfransın əsas gündəm mövzularından biri Rusiya-Ukrayna müharibəsi olub. Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üzrə danışıqlarda Avropanın masada təmsil olunmasının vacibliyini vurğulayıb.
Münhen Təhlükəsizlik Konfransı Fondunun rəhbəri Volfqanq İşinger bağlanış çıxışında Rusiyaya qarşı təzyiqin artırılmasının vacibliyini qeyd edib və daha koordinasiyalı sanksiyaların tətbiqini təklif edib.