Fevralın 13-də Almaniyanın Münxen şəhərində 62-ci Münhen Təhlükəsizlik Konfransı (MSC 2026) işə başlayıb.
Qlobal təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə edildiyi konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, həmçinin BMT, NATO və Avropa İttifaqı daxil olmaqla 40-dan artıq nüfuzlu beynəlxalq qurumun rəsmi nümayəndələri iştirak edir. Tədbirə dünya mediasından da böyük maraq var – 115 ölkədən təxminən 1000 jurnalist akkreditasiya olunub.
Fevralın 15-dək davam edəcək konfransın açılış mərasimində Münhen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin və Almaniya kansleri Fridrix Mertsin çıxışları nəzərdə tutulub.
Qeyd olunur ki, MSC 2026 dünyada geosiyasi və geoiqtisadi gərginliyin artdığı, uzunmüddətli ittifaqların möhkəmliyinin sual altına düşdüyü və qaydalara əsaslanan beynəlxalq nizamın zəiflədiyi bir dövrdə keçirilir. Bir neçə gün əvvəl yayımlanan “Münhen Təhlükəsizlik Hesabatı – 2026”da beynəlxalq sistemin təhlükəli mərhələyə daxil olduğu xüsusi vurğulanır.
Hesabat və müşayiətedici şərhlərdə son dövrlərdə xüsusilə transatlantik münasibətlərdə müşahidə olunan gərginliyə diqqət çəkilir. Bu kontekstdə ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ötənilki konfransda səsləndirdiyi bəyanatların Alyans daxilində narahatlıq yaratdığı xatırladılır. Bu il isə Donald Tramp administrasiyasının Avropaya yanaşmasında sərtləşmə fonunda bu mövzunun əsas müzakirə predmetlərindən biri olacağı gözlənilir.
Konfrans çərçivəsində Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin yenidən gücləndirilməsi, qlobal nizamla bağlı rəqabət aparan baxışlar, regional münaqişələr, eləcə də texnoloji inkişafların – xüsusilə süni intellektin – təhlükəsizlik sahəsinə təsirləri müzakirə olunacaq.
MSC 2026-nın birinci günü çoxtərəfli əməkdaşlıq, iqtisadi təhlükəsizlik, iqlim tədbirləri, hibrid müharibə, nüvə təhlükəsizliyi və qlobal süni intellekt yarışı mövzularına həsr olunub. Fevralın 14-də müzakirələr Ukrayna, Qəzza, Sudan, Venesuela və Şərqi Asiyada mövcud böhranlar ətrafında davam edəcək. Sonuncu gün isə diqqət Avropanın fəaliyyət qabiliyyəti, rəqabətədavamlılığı və ortaq Avropa vizyonu üzərində cəmlənəcək.