Azərbaycan Respublikasının Prezidenti Rəşad Sahil oğlu İsmayılovun ekologiya və təbii sərvətlər naziri təyin edilməsi barədə Sərəncam imzalayıb. Müvafiq sənəd 10 fevral 2026-cı il tarixində elan olunub.
Sərəncama əsasən, Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin edilib.
Rəşad İsmayılov 27 avqust 1979-cu ildə anadan olub. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr pillələri üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayan Rəşad İsmayılov müxtəlif illərdə özəl və dövlət qurumlarında hüquqşünas, hüquq məsləhətçisi və rəhbər vəzifələrdə çalışıb. O, “Star LTD” MMC-də, Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquq məsləhətçisi və böyük hüquq məsləhətçisi kimi fəaliyyət göstərib.
2010–2016-cı illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas, baş məsləhətçi və sektor müdiri vəzifələrini icra edib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyində, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müxtəlif rəhbər postlarda çalışıb. 2019–2024-cü illərdə həmin Komitədə Aparat rəhbəri vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə Rəşad İsmayılov ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.