ABŞ–Ermənistan hərbi əməkdaşlığı Azərbaycan üçün hansı riskləri yaradır? – Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev MSNews.az-a müsahibəsində ABŞ–Ermənistan hərbi əməkdaşlığı, V-BAT tipli PUA-lar və Ermənistanın silahlanmasının Azərbaycan üçün yaratdığı risklərdən danışır.

108

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana rəsmi səfəri regionda yeni geosiyasi və hərbi müzakirələri gündəmə gətirib.

Səfər çərçivəsində ABŞ və Ermənistan arasında atom enerjisi, süni intellekt və hərbi əməkdaşlıq sahələrində perspektivlər müzakirə olunub, bir sıra sənədlər imzalanıb. Xüsusilə Ermənistanın ABŞ-dan aldığı V-BAT tipli pilotsuz uçuş aparatlarının təqdim olunması diqqət çəkib. Bu proseslərin Azərbaycan üçün hansı riskləri daşıdığı ilə bağlı MSNews.az-ın suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırıb.

– ABŞ–Ermənistan hərbi əməkdaşlığının dərinləşməsi və V-BAT tipli PUA-ların təqdim olunması Azərbaycan üçün hansı risklər yaradır?

– Ermənistanın ABŞ-dan əldə etdiyi V-BAT tipli pilotsuz uçuş aparatları əsasən kəşfiyyat, müşahidə və izləmə funksiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. Bu tip PUA-lar real vaxt rejimində məlumat toplamaq imkanına malikdir. Qeyd edim ki, Ermənistan bundan əvvəl də Hindistan və Fransadan həm hücum, həm də müdafiə xarakterli silahlar alıb. Məqsəd 44 günlük Vətən müharibəsində darmadağın edilmiş hərbi arsenalın mərhələli şəkildə bərpasıdır.

– Bu silahlanma prosesi gələcəkdə real təhlükəyə çevrilə bilərmi?

– Əldə olunan silah sistemləri Paşinyan hakimiyyəti dövründə istifadə olunmaya bilər, lakin Ermənistanın siyasi tarixi göstərir ki, sonrakı hakimiyyətlər bu arsenalı Azərbaycana qarşı yönəldə bilər. Məhz, bu baxımdan məsələ ciddi narahatlıq doğurur. Ermənistanın sürətlə silahlanması regionda güc balansını pozmaq potensialına malikdir.

– Azərbaycan bu vəziyyətdə hansı addımları atmalıdır?

– Ermənistan hakimiyyəti əldə etdiyi bütün silah sistemləri barədə Azərbaycanla razılaşdırılmış, şəffaf mövqe ortaya qoymalıdır. Xüsusilə, ABŞ, Fransa və Hindistandan alınan silahların təyinatı, hansı məqsədlərlə istifadə ediləcəyi və hansı ərazilərdə yerləşdiriləcəyi ilə bağlı dəqiq məlumatlar təqdim edilməlidir. Ən vacib məqam isə Ermənistanın hücum xarakterli silahlar əldə etməsinin qarşısının alınmasıdır. Azərbaycan bu məsələdə prinsipial və qəti mövqe nümayiş etdirməlidir.

– Yekun olaraq, mövcud prosesləri necə dəyərləndirirsiniz?

– Bütün bu hərbi əməkdaşlıq və silahlanma prosesi Azərbaycan üçün risk faktorudur və diqqətlə izlənməlidir. Regional sülhün qorunması üçün Ermənistanın revanşist addımlardan çəkinməsi və beynəlxalq tərəfdaşların bu proseslərdə məsuliyyətli davranması vacibdir.

Qeyd edək ki, Ermənistanın ABŞ-dan aldığı bu PUA-lar ABŞ istehsalı olan Shield AI MQ-35 V-BAT modelinə aiddir – bu, ABŞ ordusu və donanması tərəfindən aktiv şəkildə istifadə edilən və müttəfiq ölkələrə də ixrac olunan vertikal qalxış və eniş (VTOL) tipli hərbi drondur.

 Ümumi texniki xüsusiyyətlər:
• Adı: Shield AI MQ-35 V-BAT
• Tipi: Vertikal qalxış və eniş edən pilotsuz uçuş aparatı (VTOL)
• İstehsalçı ölkə: ABŞ
• İstehsalçı: Shield AI (əvvəlki adı Martin UAV)

Ölçülər və kütlə:
• Uzunluğu – təxminən 2,7 metr
• Qanad açıqlığı – 3 metr
• Uçuşa hazır çəkisi – təxminən 57 kq
• Faydalı yük daşıma qabiliyyəti – 11,3 kq-a qədər

Mühərrik və konstruksiya:
• Güç qurğusu: 288 kubsantimetrlik, iki dövrlü, daxili yanma mühərriki
• Qalxış sistemi: xüsusi ventilyator texnologiyası sayəsində əlavə avadanlıq olmadan vertikal qalxış və eniş
• Uçuş rejimi: vertikal qalxışdan üfüqi uçuşa avtomatik keçid

Uçuş göstəriciləri:
• Maksimum sürət – təxminən 157 km/saat
• Orta (kreyser) sürət – təxminən 98 km/saat
• Havada qalma müddəti – 10 saata qədər (bəzi modifikasiyalarda 13 saata qədər)
• Maksimum uçuş hündürlüyü – 5 486 metrə qədər
• Qalxış/eniş üçün tələb olunan sahə – 3×3 metr

Sensor və faydalı yüklər:
• Elektro-optik (EO) və infraqırmızı (IR) kameralar
• Sintetik aperturalı radar (SAR)
• Radioelektron kəşfiyyat və rabitə retranslyator sistemləri
• Lazerlə idarə olunan yüngül silahların (məsələn, L-MDM raketləri) quraşdırılması imkanı

İstifadə sahələri:
• Kəşfiyyat, müşahidə və hədəf təyin etmə əməliyyatları
• Dəniz patrul xidməti və nəzarət missiyaları
• GPS və rabitə siqnallarının boğulduğu şəraitdə fəaliyyət
• Faydalı yük daşıma və taktiki tapşırıqların icrası

MQ-35 V-BAT bu gün ABŞ ordusunun ən çevik və çoxfunksiyalı PUA-larından biri sayılır. Ermənistanın bu texnologiyanı əldə etməsi onun hərbi-texniki modernləşməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.