ABŞ-da azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən həbsdə ölü tapılan milyarder Ceffri Epşteynin şəxsi yazışmaları onun yalnız maliyyəçi deyil, eyni zamanda qlobal enerji siyasəti üzrə qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərdiyini ortaya qoyur.
30 yanvarda açıqlanan yeni sənədlər, Epşteynin İsrailin təbii qaz ehtiyatlarından işğal altındakı Qolan Təpələrindəki enerji axtarışlarına, günəş enerjili pilotsuz uçuş aparatlarından “BP” və “Glencore” kimi enerji nəhənglərinin idarəetmə mexanizmlərinə qədər uzanan geniş təsir şəbəkəsini ifşa edir.
Sənədlər göstərir ki, Epşteynin maliyyə dairəsində yer alan Leon Blek və Larri Sammers kimi fiqurların yolu “Genie Energy” şirkəti ilə kəsişib. Şirkətin məsləhət şurasında sabiq ABŞ vitse-prezidenti Dik Çeyni, media maqnatı Rapert Mardok, keçmiş maliyyə naziri Larri Sammers, MKA-nin keçmiş direktoru Ceyms Vulsi və Epşteynin uçuş qeydlərində adı keçən sabiq ABŞ enerji naziri və Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi şəxslərin yer alması bu qurumu faktiki olaraq “kölgə kabinet”ə çevirib. “Genie Energy”-yə bağlı “Afek Oil & Gas” şirkətinin Qolan Təpələrində neft axtarışı üçün yeganə lisenziyaya sahib şirkət olması isə diqqət çəkir; lisenziya Suriya müharibəsinin qızğın dövründə verilib və ABŞ-ın 2019-cu ildə İsrailin Qolan üzərində suverenliyini tanımasından sonra şirkətin dəyəri kəskin artıb.
Sənədlərdə, 23 mart 2011-ci ildə İsrail parlamentində təbii qaz ixracına dair kritik vergi artımını nəzərdə tutan “Şeşinski Qanunu” müzakirə edilərkən, Epşteynin “Barclays” bankının CEO-su Ces Steyli, israilli iqtisadçı Cakob Frenkel və Baş nazir Benyamin Netanyahu ilə görüşlərin koordinasiyasında rol oynadığı qeyd olunur. Steylinin Epşteynə göndərdiyi e-poçtda “bütün çətinliklərə baxmayaraq Netanyahu ilə görüş təşkil etdik” ifadəsi yer alır.
Epşteynin sabiq İsrail Baş naziri Ehud Barak ilə yazışmaları isə İsrailin qaz bazarına fokuslanır. 2013-cü ildə Epşteyn Barakı İsrail Ali Məhkəməsinin qaz ixracını dayandıra biləcək qərara meyilli olması barədə xəbərdar edir, Barak isə bu riski nəzərə alacağını bildirir. 2014-cü ildə isə Barak milyarder Cek Qraynberqə məxsus “GADECO” enerji şirkətinin satışı ilə bağlı Epşteyndən məsləhət alır. Epşteyn bu layihəni “tamamilə cəfəngiyyat” adlandıraraq sərt şəkildə rədd edir və Barak da sonradan layihəni dayandırdığını etiraf edir.
Yazışmalar Epşteynin yalnız fosil (qazıntı mənşəli) yanacaqlarla deyil, bərpa olunan enerji və yeni texnologiyalarla da yaxından maraqlandığını göstərir. 2014-cü ilin oktyabrında Barak ona “Light & Strong” adlı günəş enerjili dron layihəsini təklif etsə də, Epşteyn maliyyə dayanıqlığı olmadığını bildirərək investisiyadan çəkindirir. Sənədlərdə 2012-ci ildə Epşteynə göndərilmiş, Çilidə 1000 meqavatlıq günəş enerjisi layihəsinə dair “çox məxfi” təqdimat da yer alır. Bundan əlavə, Norveç və Qazaxıstanda mini LNG terminalları, eləcə də Afrikada enerji investisiyaları ilə bağlı yazışmalar mövcuddur.
Epşteynin yazışmalarında tez-tez rast gəlinən digər fiqur isə Böyük Britaniyanın keçmiş Vaşinqton səfiri Peter Mandelsondur. Mandelson Epşteyndən karyera istiqaməti və yüksək vəzifələr üçün tövsiyələr alır, BP-nin 2010-cu il neft sızıntısı böhranı fonunda şirkətdə məsləhətçi və ya komitə rəhbəri kimi təkliflər müzakirə olunur. Eyni zamanda, Mandelson Epşteyn vasitəsilə “Glencore” şirkətinin CEO-su Ivan Qlasenberq ilə əlaqə yaradaraq şirkətin IPO prosesi ərəfəsində idarə heyətinə daxil olmaq istədiyini bildirir.
Ortaya çıxan bu sənədlər Epşteyn dosyesinin təkcə cinsi cinayət iddialarından ibarət olmadığını, eyni zamanda qlobal enerji siyasətinə, mübahisəli neft-qaz lisenziyalarına və strateji texnoloji layihələrə yönəlmiş, dərin siyasi və kəşfiyyat əlaqələri olan bir şəbəkəni üzə çıxardığını göstərir.