Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə əvvəlki təmaslar məmnunluqla xatırlanıb və əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Betsi Berns Korn Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, ölkəmizin strateji əhəmiyyətini və ABŞ və İsraillə yaxşı münasibətlərini nəzərə alaraq nümayəndə heyətinin səfərinin vacibliyini vurğulayıb.
Betsi Berns Korn Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üzrə Vaşinqtonda əldə edilən nailiyyətləri də təbrik edib və bu məsələdə Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd edib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirərək, əldə olunan nəticələrdə ABŞ Prezidenti Donald Trampın roluna toxunub. Dövlətimizin başçısı Azərbaycanın və Ermənistanın artıq sülh şəraitində yaşamağa öyrəşdiyini vurğulayıb və bölgədə sülh və sabitliyin inkişaf üçün əhəmiyyətini qeyd edib. Görüşdə həmçinin TRIPP və digər regional layihələrin əməkdaşlığı genişləndirmədə rolu müzakirə olunub.
Prezident İlham Əliyev həmçinin Azərbaycanda tolerant mühitin hökm sürdüyünü və dövlətin digər xalqlar, o cümlədən yəhudilərə göstərdiyi qayğını qeyd edib. Görüş zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyi və Əsas Amerika Yəhudi Təşkilatlarının bu prosesdəki rolunun önəmi vurğulanıb.





