Tramp Obama ailəsinə yönəlmiş “irqçi” paylaşımı qınadı, lakin üzr istəmədi

ABŞ Prezidenti Donald Tramp Obama ailəsinə qarşı “irqçi” məzmunu qınadığını desə də, mübahisəli paylaşım üçün üzr istəməkdən imtina etdi.

77

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamaya yönəlmiş “irqçi” məzmunu qınadığını bildirsə də, paylaşım üçün üzr istəməkdən imtina edib.

“CNN”-in məlumatına görə, Tramp sosial media hesabında paylaşılan və Obama cütlüyünü meşədə yaşayan meymunlar kimi təsvir edən videoya dair açıqlama verib. Prezident videonun yalnız əvvəlini izlədiyini və problem görmədiyini deyərək, “Heç kim videonun sonunda kimin təsvir edildiyini bilmirdi. Əgər görsəydilər, yəqin ki, paylaşımı silərdilər,” ifadəsini işlədib.

Tramp videonu tam izləmədən bir əməkdaşa ötürdüyünü, həmin şəxsin isə videonu sona qədər izləməli olduğunu bildirib. O, videodakı “irqçi” hissələri qınadığını desə də, paylaşım üçün üzr istəyib-istəməyəcəyi sualına “Xeyr, mən səhv etməmişəm,” cavabını verib.

Qeyd edək ki, paylaşımın son hissəsində Obama cütlüyünün üzlərinin meymun bədənlərinə montajlandığı görüntülər yer alıb və bu, müxtəlif çevrələrdə kəskin etirazlara səbəb olub. Paylaşım sonradan silinib.

Məsələ ilə bağlı Ağ Evin mətbuat katibi Karolayn Livitt ABŞ mediasına açıqlamasında bildirib ki, video Prezident Trampı “Meşənin Kralı”, Demokratları isə “Aslan Kral” filmindəki obrazlar kimi təqdim edən bir internet zarafat videosundan götürülüb. O, yaranan reaksiyaları “saxta qəzəb” kimi qiymətləndirib.

Ağ Evdən başqa bir rəsmi isə videonun bir əməkdaş tərəfindən səhvən paylaşıldığını iddia edib.