ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaqda ittiham olunduğu dövrdə həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı ictimaiyyətə açıqlanan yeni sənədlər onun “Palantir” və “PayPal”-ın qurucularından olan milyarder investor Peter Til ilə uzunmüddətli ticari əlaqələrini üzə çıxarıb.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan istintaq materialları Epşteyn ətrafında qalmaqallar artıq məlum olduğu dövrdə belə onun nüfuzlu investorlar və texnologiya sahibkarları tərəfindən dəstəkləndiyini göstərir. Sənədlərdə Tilin adı yer alır və 2014–2019-cu illər arasında Epşteynlə işgüzar tərəfdaşlığı davam etdirdiyi qeyd olunur. Ümumilikdə 100-dən çox sənəddə bu əlaqələrə dair detallara rast gəlinir.
Beynəlxalq mediada yayılan məlumatlara görə, həmin dövrdə Epşteyn Tilin risk kapitalı fondu “Valar Ventures” vasitəsilə gizli investisiya imkanları əldə edib, həmçinin Til ilə Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslər arasında görüşlərin təşkilində vasitəçi rolunu oynayıb. Sənədlərdə Epşteynin keçmiş MI6 rəsmiləri tərəfindən “Rusiyada təşkilatlanmış cinayət şəbəkələrindən qaynaqlanan sərvət” kimi qiymətləndirilən bir investisiya portfeli formalaşdırdığı da iddia olunur.
Sənədlər göstərir ki, Epşteyn 2014-cü ildən etibarən “Palantir” şirkətinə maraq göstərib və eyni dövrdə Til ilə investisiya və vergi strategiyaları üzrə intensiv yazışmalar aparıb. E-poçt yazışmalarında Epşteyn Til tərəfindən “yaxın dostum” kimi təqdim edilir və tərəflərin illər boyunca həm onlayn, həm də üzbəüz görüşlər keçirdiyi qeyd olunur.
Məlumata görə, Epşteyn “Valar Ventures”-a 40 milyon dollar sərmayə yatırıb və eyni zamanda “Palantir” şirkətindən səhm almağı da nəzərdən keçirib. Yazışmalarda Epşteynin Tilə vergi planlaşdırılması və investisiya qərarları ilə bağlı məsləhətlər verdiyi diqqət çəkir.
12 iyun 2014-cü il tarixli yazışmada Epşteyn Tilə vergi məsələlərində kömək etməyi təklif edərək, “Fərdi vergi rejimində müəyyən düzəlişlərə ehtiyac olduğunu düşünürəm”, – deyə qeyd edib. Til isə cavabında bu mövzunu ətraflı müzakirə etmək üçün görüş təklif edib.
Sənədlər həmçinin Epşteynin “Valar Ventures”-in gizli tərəfdaşlarından birinə çevrildiyini göstərir. 2014-cü ilin noyabrında Til Epşteyndən fond üçün 10–20 milyon dollar həcmində investisiya tələb edib. Həmin ilin dekabrında isə Epşteynin Manhettendəki iqamətgahında “Valar” rəhbərləri ilə görüş keçirilib.
“Valar Venture”s-in daxili yazışmaları Til və komandasının Epşteyni strateji və mühüm investor kimi qəbul etdiyini təsdiqləyir. 2017-ci ildə Epşteynə “çox məxfi” qeydi ilə investisiya imkanları göndərilib, 2018-ci ildə isə ondan əlavə sərmayə qoyub-qoymayacağı soruşulub.
Epşteynin həbsindən bir neçə ay əvvəl onun mühasibi “Valar Ventures”-dan ətraflı portfel məlumatları tələb edib.