Bitkoinin qiymətində müşahidə olunan kəskin eniş rəqəmsal valyuta bazarında ciddi suallar doğurub. Dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qiyməti 70.500 dollar səviyyəsindən 67.000 dollara qədər geriləyib və bu proses investorlar arasında geniş müzakirələrə səbəb olub.
Analitiklərin fikrincə, enişin əsas səbəbləri sırasında əvvəlki yüksəliş mərhələsində əldə olunan mənfəətin nağdlaşdırılması, qlobal risklərin artması və kapitalın daha təhlükəsiz aktivlərə yönəlməsi dayanır. Eyni zamanda, ənənəvi maliyyə alətlərinin gəlirliliyinin yüksəlməsi yüksək riskli aktivlərə, o cümlədən kriptovalyutalara olan marağı azaldıb. Mövcud vəziyyət bitkoinin uzunmüddətli inkişaf modelinin sıradan çıxması deyil, daha çox uzunsürən korrektə mərhələsi kimi qiymətləndirilir. Bununla belə, yeni artım drayverlərinin olmaması yaxın dövrdə qiymətlərin daha aşağı səviyyələri test etməsi ehtimalını gündəmdə saxlayır.
Qlobal proseslər Azərbaycanın daxili kriptovalyuta bazarında da hiss olunur. Yerli bazarda fərdi investorların davranışında ehtiyatlılıq artıb, qısamüddətli spekulyativ əməliyyatlar azalıb və bir çox investor gözləmə mövqeyinə keçib. Buna baxmayaraq, kriptovalyutalara uzunmüddətli investisiya aləti kimi baxanların marağı tam itib getməyib, sadəcə daha təmkinli və seçici yanaşma formalaşıb. Aqressiv əməliyyatlar risklərin idarə olunması və portfelin diversifikasiyası ilə əvəzlənib.
Bəzi investorlar üçün hazırkı eniş yeni alış imkanları kimi dəyərləndirilir. Xüsusilə Ethereum-un qiymətinin 4.800 dollardan 2.100 dollara qədər düşməsi bu aktivləri uzunmüddətli perspektivdə toplamaq istəyənlər üçün cəlbedici hesab olunur.
Qlobal geosiyasi və makroiqtisadi qeyri-müəyyənlik fonunda qızıl kimi qoruyucu aktivlərə tələbatın artması kriptovalyuta bazarına əlavə təzyiq yaradır. Belə dövrlərdə investorlar daha proqnozlaşdırıla bilən alətlərə üstünlük verir ki, bu da rəqəmsal aktivlərin cəlbediciliyini müvəqqəti olaraq azaldır. Bununla belə, mütəxəssislər bitkoinin fundamental dəyərini itirmədiyini, sadəcə qlobal risklərin yenidən qiymətləndirildiyi mərhələdə “analitik fasilə” yaşadığını bildirirlər.
Yaxın dövrdə bitkoin bazarında yüksək volatilliyin davam edəcəyi, qiymətlərdə həm texniki sıçrayışların, həm də daha aşağı dəstək səviyyələrinin sınaqdan keçiriləcəyi gözlənilir. Bazarın növbəti istiqaməti əsasən qlobal maliyyə şərtlərindən və institusional investorların davranışından asılı olacaq. Ümumilikdə, mövcud proses bazarın soyuması və növbəti yüksəliş mərhələsi öncəsi yeni tarazlıq nöqtəsinin formalaşması kimi qiymətləndirilir.