Əbu-Dabidə 314 hərbi əsirin mübadiləsi barədə razılıq əldə olundu

ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda 314 hərbi əsirin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib, müzakirələr davam edir.

90

ABŞ, Rusiya və Ukrayna arasında aparılan üçtərəfli danışıqlarda 314 hərbi əsirin 157-nin 157-yə prinsipi ilə dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirdiyi görüşlər çərçivəsində 314 əsirin mübadiləsi barədə razılığa gəldiyini açıqlayıb.

Uitkoff “X” sosial media platformasındakı paylaşımında danışıqların davam etdiyini bildirərək, bu razılaşmanın son beş ayda tərəflər arasında həyata keçiriləcək ilk əsir mübadiləsi olacağına diqqət çəkib və görüşləri “ətraflı və məhsuldar” kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür addımlar diplomatik səylərin real nəticələr verdiyini və Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişin olduğunu göstərir.

ABŞ, Rusiya və Ukrayna arasında Əbu-Dabidə dünən başlayan üçtərəfli müzakirələr bu gün də davam edir, ilk belə görüşlər isə 23–24 yanvar tarixlərində keçirilmişdi.

Xatırladaq ki, daha əvvəl İstanbulda, 16 may 2025-ci ildə Dolmabağça Prezident İş Ofisində keçirilən danışıqlarda tərəflər “1000-ə 1000” formatında genişmiqyaslı əsir mübadiləsi və mümkün atəşkəsə dair mövqelərin təqdim olunması barədə razılığa gəlmiş, 2 iyun 2025-ci il görüşlərində isə 6 min ukraynalı hərbçinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır yaralı və xəstə hərbçilərlə 25 yaşadək əsirlərin dəyişdirilməsi məsələsində anlaşma əldə etmişdilər.

2025-ci ilin iyulunda İstanbulda keçirilən növbəti görüşlərdə isə 1200 nəfərlik əlavə əsir mübadiləsi və üç ildən artıq əsirlikdə saxlanılan şəxslərin azad edilməsi barədə razılaşma olmuşdu.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
30 aprel 2026