Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, Qəzza Zolağında qış mövsümünün başlanmasından bu yana ən azı 11 uşaq kəskin soyuq səbəbilə donaraq həyatını itirib. Təşkilat ailələrin hələ də ağır qış şəraiti ilə üz-üzə qaldığını vurğulayıb.
BMT Baş katibinin müavini və sözçüsü Farhan Haq gündəlik mətbuat brifinqində bildirib ki, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları Qəzzadakı ailələrin sərt hava şəraiti ilə mübarizəni davam etdirdiyini qeyd edirlər. Haq bu həftə daha bir uşağın soyuqdan həyatını itirdiyini və beləliklə, qışın əvvəlindən ölən uşaqların sayının 11-ə çatdığını açıqlayıb.
O bildirib ki, 2025-ci ilin oktyabrından etibarən BMT və tərəfdaş qurumlar on minlərlə çadır paylayaraq yarım milyondan çox insana müvəqqəti sığınacaq təmin ediblər, lakin bu çadırlar xüsusilə qış aylarında yetərli qoruma təmin etmir. Haq insanların çadırlardan asılılığını azaltmaq üçün daha dayanıqlı sığınacaq həllərinə təcili ehtiyac olduğunu vurğulayıb.
BMT rəsmisi humanitar yardım və kommersiya yüklərinin məhdudlaşdırılmadan Qəzzaya daxil olmasının, həmçinin bu girişlərin daha da şaxələndirilməsinin vacibliyini bildirib.
Farhan Haq işğal altındakı Qərbi Şeriadakı vəziyyətə də toxunaraq, son günlərdə Şərqi Qüdsdə məktəblər və səhiyyə müəssisələrində su və elektrik enerjisinin kəsildiyini, bunun isə minlərlə insana göstərilən həyati xidmətləri iflic etdiyini qeyd edib.
Haq, İsrailin UNRWA və beynəlxalq yardım təşkilatlarına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılmasına çağıraraq bildirib ki, bütün humanitar tərəfdaşlara Qəzza Zolağı və Qərbi Şeriada, o cümlədən Şərqi Qüdsdə maneəsiz fəaliyyət göstərmək və yardım materialları gətirmək imkanı verilməlidir.
Eyni zamanda xatırladılıb ki, İsrail 2025-ci ilin martında qəbul etdiyi yeni qanun çərçivəsində beynəlxalq QHT-lərin lisenziyalarının ləğvinə başlayıb və bəzi təşkilatların fəaliyyətinə son qoyub. Bu addımlar humanitar fəaliyyətlərin daha da çətinləşməsinə səbəb olub.
BMT məlumatına görə, 2023-cü ilin oktyabrından bəri işğal altındakı Qərbi Şeria və Şərqi Qüdsdə də zorakılıq halları artıb. Son iki ilə yaxın müddətdə Qərbi Şeriyada ən azı 1110 fələstinli həyatını itirib, 11 mindən çox insan yaralanıb, 21 mindən artıq şəxs isə saxlanılıb.