Dünyada ən qəribə toy adətləri

Dünyanın müxtəlif ölkələrində tətbiq olunan ən qəribə toy adətləri: Şotlandiyada gəlinin zir-zibilə bulandırılması, Çində ağlaşma ritualı, Koreyada bəy sınağı və daha nələr.

47

Toy adətləri hər mədəniyyətdə fərqlidir və bəzi ölkələrdə bu adətlər olduqca qəribə, hətta inanılmaz görünə bilər. Dünyanın müxtəlif bölgələrində toy mərasimləri təkcə sevgi və ailə qurmaq deyil, eyni zamanda sınaq, ritual və simvolik davranışlarla müşayiət olunur. Şotlandiyada gəlinin zir-zibilə bulandırılmasından tutmuş, Çində sinxron ağlaşmaya qədər uzanan bu qeyri-adi toy adətləri mədəniyyətlərin fərqliliyini və tarix boyu formalaşmış inancları açıq şəkildə göstərir.

Gəlin və bəyin üstünə zir-zibil atmaq – ŞOTLANDİYA

Şotlandiyada “Blackening the Bride” adlanan olduqca qəribə bir toy adəti mövcuddur. Toydan bir neçə gün əvvəl gəlinin, bəzən isə bəyin yaxınları və dostları onların üstünə əllərinə keçən hər cür zir-zibil atırlar. Bu, iylənmiş yumurta, köhnə yemək qalıqları, çirkli mayelər və başqa iyrənc şeylər ola bilər. Adətin məqsədi gələcək ailə həyatında qarşılaşacaqları çətinliklərə cütlüyü əvvəlcədən “hazırlamaqdır”. İnanclara görə, bu sınaqdan keçən cütlük birlikdə hər çətinliyin öhdəsindən gələ biləcək.

Gəlini (və bəyi) öpmək – İSVEÇ

İsveç toylarında maraqlı bir qayda var. Toy zamanı gəlin və ya bəy bir anlıq zalı tərk edərsə, evli olmayan qonaqlardan biri onun yanağından, hətta dodağından öpə bilər. Gəlini kişi qonaqlar, bəyi isə qadın qonaqlar öpür. Bu davranışa etiraz etmək və ya qonağı təhqir etmək düzgün sayılmır. Adət zarafat və xoş niyyətlə qəbul olunur.

Ayağın altına vurmaq – CƏNUBİ KOREYA

Cənubi Koreyada toyun sonuna yaxın bəyin ayaqları bağlanır və dostları onun ayağının altına quru korvina balığı, çubuq və ya kəndirlə yüngül zərbələr endirirlər. Bu zərbələr real ağrı vermək üçün deyil, simvolik xarakter daşıyır. Məqsəd bəyin dözümlülüyünü, sədaqətini və evliliyə nə qədər hazır olduğunu “yoxlamaqdır”.

Təhqirdən sevgiyə – CƏNUBİ AFRİKA RESPUBLİKASI

Cənubi Afrikanın bəzi bölgələrində toy zamanı gəlin və bəy tərəfi bir-birinə qarşı təhqiramiz adlar söyləyir. Kənardan baxanlara bu, ciddi mübahisə və ya dava kimi görünə bilər. Əslində isə bu ritual qarşılıqlı hörmət və yumor üzərində qurulub. İnanclara görə, tərəflər bütün kin və neqativ hissləri toy günü “boşaldaraq” ailə həyatına daha sağlam başlayırlar.

Sinxron ağlaşma – ÇİN

Çinin Tujia bölgəsində gəlin toy mərasiminə həftələr qalmış ağlama məşqlərinə başlayır. İlk gün bir saat, sonrakı günlər isə daha uzun müddət ağlayır. Toy günü gəlinlə birlikdə anası, bacıları və digər qadın qohumlar da sinxron şəkildə ağlayırlar. Kim daha səsli və emosional ağlayırsa, onun ailə həyatının daha uğurlu olacağına inanılır.

Böyük, kök Mavritaniya toyu – MAVRİTANİYA

Mavritaniyada qadınlar evlənənə qədər kökəlməli idi. Onlar sanki bəhsə girirmiş kimi, çoxlu yeyir və daha kök olmağa çalışırdılar. Bu “mübahisə” “Leblouh” adlanırdı.  Artıq bu adət itsə də, Mavritaniyada uzun illər qadınların evlənməzdən əvvəl kökəlməsi gözəllik və rifah əlaməti sayılıb. Kök qadın zənginlik, bolluq və xoşbəxt ailə həyatının simvolu hesab olunurdu.