71 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadına görə 10 min nəfər küçəyə çıxdı

Madriddə 87 yaşlı Marikarmen Abaskal 71 il yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılıb. Hadisədən sonra təxminən 10 min nəfər küçələrə çıxaraq etiraz edib, polis və nümayişçilər arasında qarşıdurma yaşanıb.

6

İspaniyanın paytaxtı Madriddə 87 yaşlı Marikarmen Abaskal 71 il yaşadığı evdən məhkəmə qərarı ilə çıxarılıb. Hadisə ölkədə geniş rezonans doğurub və həmin gün Madriddə təxminən 10 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilib.

MSNews.az xəbər verir ki, Marikarmen Abaskal Madridin Retiro rayonundakı “Alcalde Sainz de Baranda” küçəsində yerləşən mənzildə 1956-cı ildən, yəni 17 yaşından yaşayırdı. 87 yaşlı qadının 50 faiz əlilliyi olduğu bildirilir.

Məhkəmə qərarının icrası sentyabrın 23-də həyata keçirilib. Bu, qadının evdən çıxarılması üçün dördüncü cəhd olub. Proses zamanı binanın qarşısında yüzlərlə fəal və yerli sakin toplaşaraq qərarın icrasının qarşısını almağa çalışıb. Polis nümayişçiləri ərazidən uzaqlaşdırıb, bəzi toqquşmalarda bibər qazından istifadə olunduğu bildirilir.

Marikarmen evdən xərəkdə çıxarılıb və təcili tibbi yardım maşını ilə Qreqorio Maranyon xəstəxanasına aparılıb. “Reuters”in məlumatına görə, ona yalnız ən vacib əşyalarını toplamaq üçün 30 dəqiqə vaxt verilib. Hadisə yerində toplaşanlar “Marikarmen, sən tək deyilsən!” şüarı səsləndiriblər.

Mübahisənin əsasında mənzilin yeni sahibi ilə uzunmüddətli kirayə müqaviləsi dayanır. Mənzil “Urbagestión Desarrollo e Inversión” şirkətinə keçdikdən sonra Marikarmenin ödədiyi aylıq kirayənin 500 avrodan 2 650 avroya qaldırılması tələb edilib. Qadının vəkili bildirib ki, hətta anonim bir şəxs Marikarmenin ömrünün sonunadək kirayə fərqini ödəməyi təklif edib, lakin tərəflər razılığa gələ bilməyiblər.

Marikarmen evdən çıxarılmazdan əvvəl jurnalistlərə belə deyib:

“Mən burada 71 il yaşamışam və getmək istəmirəm.”

Hadisədən sonra məsələ artıq təkcə bir evdən çıxarılma işi olmaqdan çıxaraq İspaniyadakı mənzil böhranının simvollarından birinə çevrilib. Madrid Kirayəçilər İttifaqının çağırışı ilə paytaxtda keçirilən aksiyaya İspaniya hökumətinin Madriddəki nümayəndəliyinin hesablamasına görə təxminən 10 min nəfər qatılıb. Etiraz aksiyaları Barselona, Sevilya, Valensiya, Malaqa və digər şəhərlərdə də təşkil olunub.

Məsələ BMT səviyyəsində də diqqət çəkib. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi daha əvvəl İspaniya hakimiyyətindən evdən çıxarılmanı müvəqqəti dayandırmağı və qadın üçün adekvat alternativ yaşayış yeri təmin etməyi istəyib. Buna baxmayaraq, məhkəmə qərarı icra olunub.

Marikarmen daha sonra xəstəxanadan yayımladığı müraciətdə bildirib:

“Evimi qoruya bilmədim, amma başqalarının öz evləri uğrunda mübarizə aparmağı öyrənməsi üçün mübarizə apardım.”

Hadisədən sonra “Urbagestión” Marikarmenin həmin mənzilə geri qayıtmasına imkan verəcək yeni həll variantını Madrid meriyasına təklif edib. Şəhər hakimiyyəti ilkin təklifi hüquqi baxımdan mümkünsüz hesab etsə də, tərəflərin sentyabrın 28-də vasitəçilik formatında yenidən görüşməsi nəzərdə tutulub.