48 il FTB-yə rəhbərlik edən C. Edqar Huver: Şantaj dosyeləri ilə qurulan imperiya

C. Edqar Huver 1924–1972-ci illərdə FTB-yə rəhbərlik edib. Prezidentlərə qarşı topladığı şantaj dosyeləri və məxfi sənədlər barədə iddialar ABŞ tarixində ən böyük qalmaqallardan biri sayılır.

36

“Hansı məmur əlindəki şantaj dosyeləri sayəsində 48 il ölkəsinin kəşfiyyat qurumuna rəhbərlik edib?” sualının cavabı tarixçilərə görə demək olar ki, dəyişmir: C. Edqar Huver.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) qurucusu və ilk rəhbəri olan Huver 1924-cü ildən 1972-ci ildə ölümünə qədər bu quruma rəhbərlik edib. O, cəmi 25 yaşında FTB-nin başına keçib və düz 48 il Vaşinqtonun ən güclü fiqurlarından biri olub.

Huver Kelvin Kulic dövründə vəzifəyə başlayıb və sonrakı illərdə Herbert Huver, Franklin D. Ruzvelt, Harri Trumen, Con F.Kennedi, Lindon B. Conson, Riçard NiksonDuayt Eyzenhauer kimi prezidentlərlə çalışıb.

Tarixi mənbələrə görə, bu uzunömürlülüyün əsas səbəbi şantaj mexanizmi idi. 1945-ci ildə Prezident Harri Trumen qeydlərindən birində Huver və komandasının “lazım olan anda istifadə etmək üçün hər kəs haqqında seks dosyeləri topladığını” yazmış və “belə davam edərsə, bizim də Gestapomuz olacaq” ifadəsini işlətmişdi.

Kolumbiya Universitetinin media və siyasət üzrə doktoru Devid Eyzenbax araşdırmasında qeyd edir ki, Qərbi Almaniyadan olan Ellen Romeçlə bağlı qalmaqal Prezident Con Kennedinin siyasi karyerasını təhlükə altına salmışdı. Romeçin sovet kəşfiyyatı ilə əlaqəsi olduğuna dair şübhələr fonunda məsələ Senatın Araşdırma Komissiyasına qədər çıxmışdı.

İddialara görə, Kennedi son iki ildir vəzifədən uzaqlaşdırmaq istədiyi Huverdən kömək istəməyə məcbur qalıb. Huver isə senatorlara əlindəki dosyeləri göstərərək araşdırmanın dayandırılmasını təmin edib. Qısa müddət sonra Senat istintaqın dayandırıldığını elan edib.

Huver yalnız prezidentlərə deyil, ictimai xadimlərə qarşı da sərt nəzarət siyasəti yürüdüb. Martin Lüter Kinq Jr.-in telefon danışıqları və şəxsi həyatı illərlə izlənilib. Bu əməliyyat 1968-ci ildə Kinqin ölümünə qədər davam edib.

Huverin ən yaxın adamı 1930-cu ildə köməkçi təyin etdiyi Klayd Tolson olub. Tolson Huverin ölümünə qədər onun sağ əli kimi fəaliyyət göstərib. Hər iki şəxs ailə qurmayıb, uzun illər birgə vaxt keçirib və Huver vəfat etdikdən sonra mirasını Tolsona buraxıb. Tolson 1975-ci ildə vəfat edəndə Huverin yanında dəfn edilib.

İddialara görə, Huverin ölümündən sonra Tolson FTB-də yüzlərlə məxfi dosyeni məhv edib. Məlumata əsasən, senatorlar haqqında 883, konqresmenlər barədə isə 722 sənəd yox edilib. Bu sənədlərin məzmunu heç vaxt ictimaiyyətə açıqlanmayıb.

1974-cü ildə dövrün ədliyyə naziri Lorens Silberman Huverdən qalan bəzi sənədlərlə tanış olduqdan sonra onu “tariximizin ən pis məmurlarından biri” adlandırıb.

Huverin 48 illik hakimiyyəti dövründə ABŞ-da Kennedi, Martin Lüter Kinq və Malkolm X kimi fiqurların qətli, həmçinin mafiyanın güclənməsi ilə bağlı suallar hələ də tarixçilər arasında müzakirə mövzusudur.