Sosial mediada yayılan “zombi narkotiki”: uşaqlar üçün yeni təhlükə

ABŞ və Böyük Britaniyada sosial media üzərindən satılan elektron siqaret mayelərində “spice” adlı təhlükəli maddə aşkar olunub. Mütəxəssislər bunun uşaqlar üçün ciddi sağlamlıq riski yaratdığını bildirir.

28

ABŞ və Böyük Britaniyada elektron siqaretlər vasitəsilə yayılan yeni narkotik təhlükəsi ciddi narahatlıq doğurur. Mütəxəssislər bildirirlər ki, sosial media üzərindən satılan bəzi elektron siqaret mayeləri uşaqlar arasında sürətlə yayılır və onların sağlamlığı üçün ciddi risk yaradır. 

Araşdırmalara görə, bu məhsulların bir hissəsinin tərkibində “spice” adlanan sintetik maddə var. Bu maddə marixuanadakı THC maddəsini təqlid etsə də, təsiri daha təhlükəli hesab olunur. Elektron siqaretlərdə istifadə olunan bu maddə uşaqların şüur vəziyyətini dəyişdirərək onları sanki “zombi” kimi davranmağa məcbur edə bilər.

Təhsil müəssisələrində bu maddənin yayılması müəllimlər və valideynlər arasında ciddi narahatlıq yaradıb. Böyük Britaniyanın Bat Universitetinin apardığı araşdırmaya görə, müsadirə edilən elektron siqaretlərin təxminən hər dördündən birində təhlükəli sintetik maddələr aşkar olunub.

Xüsusilə, London və Lankaşir bölgələrində bəzi şagirdlərin sinif otağında huşunu itirməsi və ciddi sağlamlıq problemləri yaşaması halları qeydə alınıb. Mütəxəssislər bildirirlər ki, bu maddələr ürək tutması, qıcolmalar və ağır halüsinasiyalar kimi ciddi nəticələrə səbəb ola bilər.

Araşdırmalar göstərir ki, narkotik ticarəti getdikcə rəqəmsal platformalara keçir. Sosial mediada “THC” və ya “kannabis” etiketi ilə satılan elektron siqaret mayelərinin təxminən 70 faizinin əslində təhlükəli “spice” maddəsi ehtiva etdiyi müəyyən edilib.

Ekspertlər bildirirlər ki, milyonlarla funt sterlinq dəyərində olan bu qeyri-qanuni bazarın əsas yayılma kanallarından birinin “TikTok” olduğu iddia edilir. Bəzi məlumatlara görə, platforma üzərindən milyonlarla funtluq narkotik reklamları uşaqlara çatdırılıb.

“TikTok” rəsmiləri isə bu iddialara cavab olaraq bildiriblər ki, platformada narkotik və qanunsuz maddələrin reklamı qadağandır və belə məzmun aşkar edildikdə dərhal silinir.

Bununla belə, mütəxəssislər valideynləri və məktəbləri daha diqqətli olmağa çağırır. Onların sözlərinə görə, sosial mediada yayılan bu tip məhsulların qarşısının alınması üçün həm hüquqi tədbirlərin, həm də maarifləndirmə kampaniyalarının gücləndirilməsi vacibdir.