Volodimir Zelenskiy ABŞ və Ukrayna nümayəndə heyətlərinin sabah İsveçrənin Cenevrə şəhərində görüşəcəyini açıqlayıb.
Ukrayna prezidenti jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, görüşdə Ukraynanın müharibədən sonrakı bərpası və diplomatik prosesin növbəti mərhələləri müzakirə olunacaq.
Zelenskinin sözlərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov və iqtisadiyyat naziri Oleksiy Sobolev 26 fevral tarixində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, keçmiş baş müşaviri Cared Kuşner ilə bir araya gələcəklər.
Görüşdə Ukraynanın yenidən qurulması ilə yanaşı, Rusiya ilə mümkün üçtərəfli danışıqların hazırlıq məsələlərinin də müzakirə ediləcəyi qeyd olunub. Zelenski bu formatda toplantının mart ayının əvvəlində keçirilməsinin planlaşdırıldığını bildirib.
Ukrayna prezidenti həmçinin əsir düşmüş hərbçilərin mübadiləsinin davam etdirilməsi üçün işlərin sürətləndirilməsi məqsədilə Umerova müvafiq tapşırıqlar verdiyini vurğulayıb.