Suriya Daxili İşlər Nazirliyinə tabe olan təhlükəsizlik qüvvələrinin dünən Hasekə şəhərinə girişini sevinclə qarşılayan yerli əhalidən 23 nəfər terror təşkilatı YPG tərəfindən girov götürülüb.
Suriyadan yerli mənbələrə istinadən verilən məlumata görə, YPG Suriya Daxili İşlər Nazirliyinə bağlı daxili təhlükəsizlik bölməsinə məxsus konvoyun Hasekəyə daxil olmasını qarşılayan çoxsaylı mülki şəxsi saxlayıb. Bildirilir ki, Hasekə şəhər mərkəzində 21 nəfər, Rümeylan rayonunda 1 nəfər və Mabədə qəsəbəsində 1 nəfər olmaqla ümumilikdə 23 sakin YPG tərəfindən girov götürülüb.
Xatırladaq ki, Suriya Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvələri Dəməşq hakimiyyəti ilə YPG arasında əldə olunan razılaşma çərçivəsində dünən Hasekə şəhər mərkəzinə daxil olub. Buna baxmayaraq, YPG-nin elan etdiyi komendant saatına rəğmən, bölgə sakinləri küçələrə çıxaraq dövlət təhlükəsizlik qüvvələrini qarşılayıb və sevinc nümayişləri keçiriblər.
Məlumata görə, məhz, bu qarşılanma və nümayişlərdən sonra YPG silahlıları aksiyalarda iştirak edən şəxsləri hədəf alaraq saxlayıb. Hadisə bölgədə gərginliyi daha da artırıb.