Yeni Zelandiya hökuməti ölkənin yerli fauna və flora müxtəlifliyini qorumaq məqsədilə radikal qərar qəbul edib. Təbii Sərvətlərin və Vəhşi Təbiətin Qorunması Nazirliyi, vəhşi pişiklərin yerli növləri məhv etməsi səbəbilə onları “2050-ci ilə qədər tamamilə yox edilməsi hədəflənən zərərli növlər” siyahısına daxil etdiyini açıqlayıb.
Qoruma naziri Tama Potaka “Radio New Zealand”-a verdiyi müsahibədə bildirib ki, ölkədə təxminən 2,5 milyon ilə 14 milyon arasında vəhşi pişik mövcuddur və onların təsiri artıq ekosistem üçün kritik həddə çatıb.
Potakaya görə, vəhşi pişiklər təkcə yerli canlıları deyil, həm də quşları, yarasaları, kərtənkələləri və müxtəlif böcək növlərini ovlayaraq ölkənin biyoçeşitliliyinə ciddi zərər vurur. Nazir əlavə edib ki, bəzi bölgələrdə vəhşi pişiklərin yaratdığı təhlükə o qədər böyüyüb ki, bəzi nadir növlərin tamamilə yox olma riski yaranıb.
Yeni Zelandiya hökuməti daha əvvəl zərərli növlərlə mübarizə məqsədilə oposum, siçan və digər invaziv heyvanların populyasiyasını məhdudlaşdırmaq üçün xüsusi dövlət proqramları həyata keçirirdi. Vəhşi pişiklərin siyahıya əlavə olunması isə həm ölkə daxilində, həm də beynəlxalq mühitdə müzakirələrə səbəb olub.