İranda ali dini lider Əli Xamenei sonrası mümkün varis məsələsi yenidən gündəmə gəlib. Ölkə daxilində və beynəlxalq siyasi dairələrdə onun yerinə oğlu Müctəba Xameneinin keçə biləcəyi ilə bağlı iddialar müzakirə olunur.
İran Konstitusiyasına əsasən, ali liderin seçilməsi səlahiyyəti Ekspertlər Şurasına məxsusdur. Lakin son illər Müctəba Xameneinin dini və siyasi strukturlar daxilində təsir imkanlarının artdığı, xüsusilə təhlükəsizlik və SEPAH-la əlaqələrinin gücləndiyi barədə məlumatlar yayılıb. Bu isə onun potensial namizəd kimi ön plana çıxmasına səbəb olur.
Rəsmi Tehrandan məsələ ilə bağlı açıq açıqlama verilməsə də, siyasi müşahidəçilər hesab edirlər ki, hakimiyyətin ailə daxilində ötürülməsi İran İslam Respublikasının ideoloji əsasları baxımından mübahisəli addım ola bilər. Çünki sistem formal olaraq monarxiya deyil və ali lider seçki yolu ilə müəyyənləşdirilməlidir.
Digər tərəfdən, bəzi ekspertlər mümkün varislik ssenarilərində fərqli ruhani və siyasi fiqurların da adının çəkildiyini bildirirlər. Bu baxımdan Müctəba Xameneinin namizədliyi rəsmi şəkildə təsdiqlənməsə də, onun adı ən çox hallanan fiqurlardan biri olaraq qalır.
İranda ali liderlik postu ölkənin həm dini, həm də siyasi kursunu müəyyən edən əsas institut sayılır. Bu səbəbdən mümkün varislik məsələsi təkcə ölkə daxilində deyil, region və beynəlxalq münasibətlər baxımından da ciddi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Əli Xameneinin öldürüldüyü gün, oğlu Müctəba Xameneinin də ailəsi ilə birlikdə həlak olduğu deyilirdi.