Yaxın Şərq gərginliyi fonunda neft bahalaşdı, dünya bazarları ucuzlaşdı

ABŞ–İsrail–İran qarşıdurması qlobal bazarlarda şok yaradıb. Neft qiymətləri sürətlə yüksəlib, Asiya, Avropa və ABŞ fond bazarlarında eniş qeydə alınıb.

39

Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal bazarlarda kəskin dalğalanmaya səbəb olub. “Reutersin məlumatına görə, martın 2-də neft qiymətləri sürətlə bahalaşıb, fond bazarları isə enişə keçib. İnvestorlar ABŞ və İsrailin İrana qarşı zərbələrinin həftələrlə davam edə biləcəyini qiymətləndirərək riskli aktivlərdən uzaqlaşmağa başlayıblar.

London ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 6,4 faiz artaraq 77,57 dollar olub, gün ərzində isə qısa müddətə 82 dollar həddini keçib. ABŞ xam nefti WTI isə 6,2 faiz bahalaşaraq 71,17 dollara yüksəlib. Təhlükəsiz liman sayılan qızılın qiyməti də 1,6 faiz artaraq unsiyası 5360 dollara çatıb.

Analitiklər əsas diqqətin Hörmüz boğazı üzərində cəmləşdiyini bildirirlər. Dünya üzrə dəniz yolu ilə daşınan neftin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi bu boğazdan keçir. Rəsmi olaraq bağlanma olmasa da, tanker daşımalarında gecikmələr və sığorta problemləri qeydə alınır. “Rystad Energy” şirkətinin geosiyasi təhlil rəhbəri Xorxe Leonun sözlərinə görə, de-eskalasiya baş verməzsə, neft qiymətlərində daha ciddi sıçrayış qaçılmazdır.

ABŞ prezidenti Donald Tramp Britaniyanın “Daily Mail” nəşrinə açıqlamasında münaqişənin daha dörd həftə davam edə biləcəyini deyib və ABŞ-nin məqsədləri yerinə yetirilənədək hücumların sürəcəyini bildirib. Bu açıqlamalar inflyasiyanın yenidən güclənə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Fond bazarlarında isə mənzərə mənfi olub. Yaponiyanın Nikkei indeksi 1,3 faiz geriləyib, ABŞ-da S&P 500 Nasdaq fyuçersləri 0,8 faiz azalıb, Avropada Eurostoxx 50DAX indeksləri 1 faizdən çox enib. “OPEC+”in aprel ayı üçün gündəlik hasilatı 206 min barel artırmaq qərarı bazarları sakitləşdirməyə kifayət etməyib. Orta Şərqdə BƏƏKüveyt fond birjaları “fövqəladə vəziyyət” səbəbi ilə müvəqqəti bağlanıb.