Yaxın Şərq böhranı neft hasilatını sutkada 6,7 milyon barel azaldıb

"Bloomberg"-in hesablamasına görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt Yaxın Şərqdəki münaqişə fonunda neft hasilatını birlikdə sutkada 6,7 milyon barel azaldıb. "Reuters" isə martda OPEC hasilatının ümumilikdə 7,3 milyon barel gerilədiyini bildirir. 

32

Yaxın Şərqdə müharibənin uzanması və Hörmüz boğazı ətrafında daşımaların pozulması Körfəz ölkələrinin neft hasilatına ciddi zərbə vurub.

Bloomberg“-in hesablamasına görə, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveytin ümumi hasilatı birlikdə sutkada təxminən 6,7 milyon barel azaldıb. Agentlik bunu qlobal təklifin təxminən 6 faiz ixtisarı kimi qiymətləndirir. Nəşr yazır ki, boğazın faktiki bağlanması və anbarların dolması fonunda regionda hasilat kəsirləri getdikcə dərinləşir.

Reuters“-in 31 mart tarixli OPEC sorğusu da bazardakı bu kəskin geriləməni təsdiqləyir. Sorğuya əsasən, OPEC-in mart ayı üzrə ümumi xam neft hasilatı fevralla müqayisədə 7,3 milyon barel azalaraq gündəlik 21,57 milyon barelə düşüb. Agentlik bildirir ki, azalmanın əsas yükü məhz, Küveyt, İraq, Səudiyyə Ərəbistanı və BƏƏ-nin üzərinə düşüb.

“Reuters”-ə görə, ən böyük geriləmə İraqda qeydə alınıb. Ölkənin hasilatı fevraldakı 4,15 milyon bareldən martda 1,6 milyon barelə enib. Səudiyyə Ərəbistanı və BƏƏ-də azalma daha məhdud olub, çünki bu ölkələrin Hörmüzdən yan keçən alternativ ixrac marşrutları var. Bununla belə, nəşr qeyd edir ki, daşıma böhranı davam etdikcə mart göstəriciləri bəzi ölkələr üçün daha da aşağı istiqamətdə yenilənə bilər.

Associated Press“-in İraqın cənubundan yaydığı reportaj da böhranın miqyasını göstərir. Nəşr yazır ki, Bəsrə bölgəsində hasilat 3,1 milyon bareldən təxminən 900 min barelə düşüb, ixrac isə faktiki olaraq dayanıb. İraqın dövlət neft şirkəti bunu əsasən Hörmüz marşrutunun iflic olması və tanker sahiblərinin riskli zonaya daxil olmaq istəməməsi ilə izah edir.

Bazar iştirakçıları üçün əsas siqnal budur ki, bu, təkcə bir neçə ölkənin texniki azalma problemi deyil, daha geniş regional enerji böhranıdır. “Reuters” bu gün yaydığı başqa materialda qeyd edib ki, müharibə və Hörmüz böhranı artıq Körfəz ixracatçıları üçün real təchizat məhdudiyyəti yaradıb, buna görə OPEC+ tərəfindən razılaşdırılan cüzi kvota artımı da əsasən simvolik xarakter daşıyır.