Yaponiyada seçkilər: “Süni intellekt hərəkatı” parlamentə daxil oldu

Yaponiyada erkən ümumi seçkilərdə LDP super çoxluq qazandı, “Team Mirai” isə süni intellekt yönümlü siyasətlə 11 mandat əldə edərək diqqət mərkəzinə çevrildi.

51

Yaponiyada fevralın 8-də keçirilən erkən ümumi seçkilər ölkənin siyasi mənzərəsini ciddi şəkildə dəyişib. Seçkilərin nəticələrinə əsasən, hakim Liberal Demokrat Partiyası (LDP) tarixi üstünlük əldə edərək parlamentdə “super çoxluq” qazanıb, eyni zamanda müxalifət düşərgəsində köklü yenilənmə baş verib.

Dövlət televiziyası NHK-nin məlumatına görə, Yaponiyanın ilk qadın baş naziri Takaiçi Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası Nümayəndələr Palatasında 465 yerdən 316-nı qazanaraq konstitusiya dəyişikliyi üçün tələb olunan üçdəiki həddi keçib. Bu nəticə İkinci Dünya müharibəsindən sonra LDP-nin əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirilir.

Seçkinin ən diqqətçəkən sürprizi isə süni intellekt mühəndisi Anno Takahironun rəhbərlik etdiyi və “nə sol, nə də sağ” mövqeyi ilə tanınan “Team Mirai” hərəkatının parlamentə 11 deputatla daxil olması oldu. İlk dəfə seçkilərdə iştirak edən bu siyasi qüvvə qısa müddətdə ölkənin ikinci ən uğurlu siyasi aktoruna çevrildi.

“Gələcəyin çağırışlarına texnologiya əsaslı həllər” şüarı ilə kampaniya aparan “Team Mirai” sosial müdafiə yükünün azaldılmasını, rəqəmsal dövlət idarəçiliyinin gücləndirilməsini və gənc nəsillər üçün daha dayanıqlı iqtisadi modelin qurulmasını təklif edir. Hərəkatın əsas seçici bazasını gənclər təşkil edib və bu faktor onun sürətli yüksəlişində həlledici rol oynayıb.

Seçkilər müxalifət partiyaları üçün isə ağır məğlubiyyətlə yadda qalıb. Yapon Kommunist Partiyası və Reiwa Şinsengumi kimi sol yönümlü qüvvələr ciddi şəkildə mandat itirib. Eyni zamanda, populist mövqeyi ilə tanınan Sanseito hərəkatı da statistiki artım nümayiş etdirərək parlamentdəki mövqeyini gücləndirib.

Ekspertlərin fikrincə, bu seçkilər Yaponiyada ənənəvi siyasi balansın dəyişdiyini, texnologiya və süni intellekt mövzusunun artıq real siyasi gücə çevrildiyini göstərir.