Yapon yeni 1986-cı ildən bəri ən zəif səviyyəyə düşdü

Yapon yeni ABŞ dolları qarşısında 162 səviyyəsini keçərək 1986-cı ildən bəri ən aşağı həddə düşüb. Bu, Tokio tərəfindən mümkün valyuta müdaxiləsi gözləntilərini artırıb.

11

Yapon yeni ABŞ dolları qarşısında kəskin ucuzlaşaraq 1986-cı ildən bəri ən zəif səviyyəyə düşüb.

MSNews.az xəbər verir ki, valyuta bazarında USD/JPY məzənnəsi 162 səviyyəsini keçib. Bazar məlumatlarına görə, yen dollar qarşısında təxminən 162,27 səviyyəsinə qədər zəifləyib.

“Reuters” yazır ki, dollar çərşənbə axşamı 162,66 yen səviyyəsinə qədər yüksəlib. Bu, yapon valyutası üçün 1986-cı ildən bəri ən zəif göstəricilərdən biri hesab olunur.

“The Wall Street Journal” da yenin 40 illik minimuma düşdüyünü və bazarlarda Yaponiya hökumətinin mümkün valyuta müdaxiləsi ilə bağlı gözləntilərin artdığını bildirib.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama isə hökumətin valyuta bazarındakı həddindən artıq dalğalanmalara reaksiya verməyə hazır olduğunu deyib.

Yenin ucuzlaşması Tokionu çətin vəziyyətə salıb. Zəif yen Yaponiyanın ixracatçı şirkətləri üçün müəyyən üstünlük yaratsa da, enerji və ərzaq idxalını bahalaşdırır. Bu isə ölkə daxilində inflyasiya təzyiqini artırır.

“Axios” yazır ki, yenin ucuzlaşmasına ABŞ dollarının güclənməsi, enerji qiymətlərinin artması və Yaponiya Mərkəzi Bankının faiz artımında ABŞ Federal Ehtiyat Sistemindən geri qalması ilə bağlı gözləntilər təsir göstərir.

Yaponiya iqtisadiyyatı enerji idxalından ciddi şəkildə asılıdır. Enerji məhsullarının böyük hissəsi dollarla alındığı üçün yenin ucuzlaşması ölkənin idxal xərclərini artırır.

Bazar iştirakçıları hesab edirlər ki, USD/JPY məzənnəsinin 162–163 diapazonunda qalması Tokio üçün ciddi siqnal ola bilər. Bəzi analitiklər isə müdaxilənin yalnız məzənnə 165 səviyyəsinə yaxınlaşarsa daha real görünəcəyini bildirirlər.

“Financial Times” yazır ki, bazar iştirakçıları xüsusilə Yaponiya Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Atsuşi Mimuranın mövqeyini izləyirlər. O, valyuta bazarında “Mr Yen” kimi tanınır və mümkün müdaxilə qərarlarında mühüm fiqur sayılır.

Ekspertlər bildirirlər ki, Yaponiya üçün əsas problem ABŞ-la faiz fərqidir. ABŞ-da faizlərin yüksək qalması dolları daha cəlbedici edir, Yaponiya isə uzun müddət aşağı faiz siyasəti yürüdüb. Bu fərq investorları yenlə borclanıb dollar aktivlərinə yönəlməyə təşviq edir.

Yaponiya hökuməti rəsmi olaraq konkret məzənnə səviyyəsini hədəf göstərmir. Tokio adətən valyuta bazarında “səviyyəyə yox, həddindən artıq dalğalanmaya” reaksiya verdiyini bildirir.

Bununla belə, yenin 1986-cı ildən bəri ən zəif səviyyəyə düşməsi bazarlarda müdaxilə ehtimalını yenidən gündəmə gətirib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Xəbər lenti