Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. 1992-ci ilin fevralında baş vermiş bu hadisələr nəticəsində Xocalı şəhərinin dinc sakinləri həyatını itirmiş, çox sayda insan yaralanmış və itkin düşmüşdür.
Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. “Xocalıya Ədalət” Kampaniyası, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və faciənin beynəlxalq müstəvidə tanıdılması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Eyni zamanda, Xocalıya Böyük Qayıdış prosesi tarixi ədalətin bərpasını və dövlətimizin prinsipial mövqeyini nümayiş etdirir.
Gənclərin maarifləndirilməsi məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən regionlarda silsilə tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanı, Xocalı Soyqırımı abidəsi və “Ana Harayı” abidəsi ziyarət edilərək gül dəstələri düzülüb, qurbanların və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Bundan əlavə, regionlarda gənclərin və dövlət rəsmilərinin iştirakı ilə maarifləndirici görüşlər keçirilib, Xocalı hadisələrinin tarixi və hüquqi aspektləri müzakirə olunub. Tədbirlər çərçivəsində anım sərgisi təşkil olunub, burada Xocalı soyqırımını əks etdirən foto materiallar və tarixi faktlar nümayiş etdirilib. Sərgidə həmçinin “XOCA” və “Dolu” bədii filmləri, eləcə də “Xocalı Haqqı” və “25 böyüməyən uşaq” sənədli filmləri təqdim olunub.
Keçirilən tədbirlər tarixi yaddaşın qorunmasına, Xocalı həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına və gənclərin maarifləndirilməsinə əhəmiyyətli töhfə verib.







