Xameneinin ölüm vaxtı əvvəlcədən təyin edilibmiş

İsrail-ABŞ hava əməliyyatında İranın ali rəhbəri Əli Xamenei planlı şəkildə hədəf alınıb və həlak olub. Bombardmanın günü və saatı aylarla əvvəl müəyyən edilmişdi.

46

İsrail Hava Qüvvələrinin və ABŞ dəstəyilə həyata keçirilən genişmiqyaslı hərbi əməliyyat çərçivəsində İranın ali dini rəhbəri Əli Həsən Xamenei hədəf götürülərək Tehran yaxınlığındakı sığınacağında öldürülüb.

İsrail ordusu tərəfindən planlaşdırılan hücumun günü və saatının aylar öncədən, hətta ötən ilin dekabrından seçildiyi bildirilib: bombardman İran vaxtı ilə saat 10:00-da, Xameneinin və yüksək rütbəli siyasi-hərbi liderlərin birlikdə olduğu andaca həyata keçirilib. Mənbələrə görə, həmin vaxt onun iştirakı ilə toplantı keçirdiyi məkan xüsusilə seçilmişdi və bu an hədəf alınıb.

Hücuma 200-dən çox İsrail döyüş təyyarəsinin qatıldığı, yüzlərlə hədəfin vurulduğu və Xameneinin məskəninin tamamilə məhv edildiyi bildirilir. Bu əməliyyat zamanı yalnız Xamenei deyil, onun müşavirləri və bir sıra yüksək rütbəli iranlı komandirlər də həlak olub. Bunların arasında Baş Qərargah rəisi general-mayor Seyid Əbdolrəhim Musəvi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpur, baş hərbi müşavir və Müdafiə Şurasının katibi admiral Əli Şamxani və müdafiə naziri general-mayor Əziz Nəsirzadə də var.

İran dövlət televiziyası və rəsmi media onun öldüyünü təsdiqləyib və ölkədə 40 günlük matəm dönəmi elan olunub.

İran-ABŞ-İsrail qarşıdurması artıq regionda dramatik bir mərhələyə daxil olub. Xameneinin ölümü İran daxilində həm kədər, həm də qeyri-müəyyənliklə qarşılanır, bir sıra ölkələrdə isə qismən etirazlar və gərginlik müşahidə edilir. Güman edilir ki, bu hadisə İranda hakimiyyət boşluğu yaradaraq yeni bir siyasi böhrana səbəb olacaq və İslam Respublikası üçün gələcəkdə nə baş verəcəyinə dair ciddi suallar doğurur.