Xameneinin bacısı oğlu: “Onun ölümü İran üçün irəliyə doğru addımdır”

Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani AFP-yə açıqlamasında ayətullahın ölümünü “irəliyə doğru addım” adlandırıb və bunun İran üçün ümid yaratdığını bildirib.

45

İranın öldürülmüş ali rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani dayısının ölümünü “irəliyə doğru addım” kimi qiymətləndirib.

Fransada yaşayan və İran hakimiyyətinə müxalif mövqeyi ilə tanınan Muradxani AFP agentliyinə müsahibəsində bildirib ki, bu hadisə ölkə üçün yeni mərhələnin başlanğıcı ola bilər.

“İranlıların əksəriyyəti kimi mən də şadam”, – deyə o vurğulayıb.

Muradxaninin sözlərinə görə, ayətullahın ölümü İran üçün “ümid” anlamına gəlir və ölkədə dəyişiklik üçün fürsət yarada bilər.

Mahmud Muradxaninin bacısı Fəridə Muradxani də İran rejiminin tənqidçilərindən biri kimi tanınır. O, daha əvvəl dünya birliyini Tehranla əlaqələri kəsməyə çağırmış və insan haqları pozuntularını sərt şəkildə tənqid etmişdi.

Hazırda İran daxilində və xaricdə bu açıqlama geniş müzakirələrə səbəb olub. Rəsmi Tehran isə məsələ ilə bağlı hər hansı reaksiya verməyib.