İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ-ın ölkəsinə qarşı hərbi əməliyyatlara başlaması halında müharibənin bu dəfə regional miqyas alacağını bəyan edib. İran dövlət televiziyasının “İribnews” internet saytının məlumatına görə, Xamenei İslam İnqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı iqamətgahında xalqa müraciət edib.
Çıxışı zamanı ABŞ-ın bölgədə artan hərbi fəallığına toxunan İran lideri “Amerikalılar bilməlidirlər ki, əgər bir müharibə başlatsalar, bu dəfə müharibə regional olacaq” deyə bildirib. O, Vaşinqton rəhbərliyinin zaman-zaman müharibədən, hərbi təyyarələrdən və döyüş gəmilərindən danışmasının yeni olmadığını qeyd edərək, keçmişdə də ABŞ-ın dəfələrlə “bütün variantlar masadadır” ifadəsi ilə hədələr səsləndirdiyini xatırladıb və bu variantlara müharibənin də daxil olduğunu vurğulayıb.
Xamenei İranın müharibə başladan tərəf olmaq istəmədiyini və heç bir ölkəyə hücum etmək niyyətində olmadığını deyib. Bununla yanaşı, o, “İran xalqına hücum edən və ona zərər verən hər kəs çox sərt cavab alacaq” sözləri ilə mümkün təhdidlərə qarşı mövqelərinin qəti olduğunu bildirib.
Ölkə daxilində baş verən küçə etirazlarına da toxunan İran lideri yaşanan hadisələri çevriliş cəhdinə bənzədib. Xamenei qeyd edib ki, bu proses ölkənin idarəçiliyində mühüm və strateji mərkəzləri zəiflətmək məqsədi daşıyırdı və polisə, dövlət qurumlarına, İnqilab Keşikçiləri mərkəzlərinə, banklara və məscidlərə hücumlar həyata keçirildi, Qurani-Kərim yandırıldı. Onun sözlərinə görə, baş verənlər klassik çevriliş cəhdinə oxşar idi və bu cəhdin qarşısı alındı.