Venesuelanın vitse-prezidenti Delsi Rodriges Rusiyaya qaçıb

"Reuters" nəşri yazır ki, Venesuelanın vitse-prezidenti Delsi Rodriges Rusiyadadır. Məlumat ABŞ-ın Nikolas Maduroya qarşı əməliyyatından sonra yayılıb.

69

Reuters” agentliyinin etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Venesuelanın vitse-prezidenti və neft naziri Delsi Rodriges hazırda Rusiyadadır. Bu məlumat ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirildiyi barədə açıqlamasından sonra ortaya çıxıb.

Agentliyin dörd mənbəsinin bildirdiyinə görə, Del­si Rodriges şənbə günü Rusiyada olub. Həmin vaxt Venesuelada yaranmış gərgin vəziyyət fonunda onun qardaşı, ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges isə Karakasda qalır. Onun harada olduğu barədə məlumatı üç ayrı mənbə təsdiqləyib.

Del­si Rodriges gün ərzində Venesuela dövlət televiziyasında yayımlanan səsli müraciətində ABŞ-dan Prezident Nikolas Maduro və həyat yoldaşı Silia Floresin sağ olduqlarına dair sübut təqdim edilməsini tələb edib. O, ölkə rəhbərliyinin taleyi ilə bağlı qeyri-müəyyənliyin qəbuledilməz olduğunu vurğulayıb. Buna baxmayaraq, Milli Assambleyanın sədri Xorxe Rodriges ABŞ əməliyyatından sonra ictimaiyyət qarşısında görünməyib.

Məlumat Latın Amerikasında və beynəlxalq arenada Venesuela ətrafında yaranmış böhranın daha da dərinləşdiyini göstərir. Del­si Rodrigesin Rusiyada olması rəsmi Karakasın Moskva ilə əlaqələrə xüsusi önəm verdiyini və mümkün diplomatik-siyasi addımlar üzərində işlədiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.