ABŞ-ın nüfuzlu nəşri “The Washington Post” yazır ki, Vaşinqtonda yerləşən və yüksək rütbəli rəsmilərin yaşadığı hərbi obyekt üzərində naməlum pilotsuz uçuş aparatları müşahidə edilib.
Məlumata görə, söhbət dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin yaşadığı “Fort Lesley J. McNair” hərbi bazasından gedir.
Mənbələr bildirir ki, son 10 gün ərzində bazanın üzərində bir neçə dəfə, xüsusilə gecə saatlarında çoxsaylı dronlar qeydə alınıb. Bu isə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və Ağ Evdə vəziyyətlə bağlı xüsusi müşavirənin keçirilməsinə səbəb olub.
Hadisədən sonra ABŞ-ın digər hərbi obyektlərində də təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, “Joint Base McGuire-Dix-Lakehurst” və “MacDill Air Force Base” bazalarında təhlükə səviyyəsi “Charlie” mərhələsinə qaldırılıb. Bu səviyyə mümkün hücum ehtimalı ilə bağlı kəşfiyyat məlumatlarının mövcud olduğunu göstərir.
Mənbələrə görə, pilotsuz aparatların mənşəyi və kim tərəfindən idarə olunduğu hələ müəyyənləşdirilməyib.