ÜST: Cənub-Şərqi Asiyada xərçəng halları sürətlə artır

Ümumdünya Səhiyyə Təşkilatı Cənub-Şərqi Asiya ölkələrində xərçəng hallarının artdığına diqqət çəkir və mövcud tədbirlərin yetərsiz olduğunu bildirir.

36

Ümumünya Səhiyyə Təşkilatı (ÜST) Cənub-Şərqi Asiya regionunda xərçənglə mübarizə sahəsində müəyyən irəliləyişlərin qeydə alındığını, lakin sürətlə artan xəstəlik hallarının qarşısının alınması üçün görülən tədbirlərin hələ də kifayət etmədiyini açıqlayıb.

Bədənin demək olar ki, bütün orqanlarında anormal hüceyrələrin nəzarətsiz şəkildə çoxalaraq digər toxumalara yayılması ilə inkişaf edə bilən xərçəng dünyada ölümə səbəb olan xəstəliklər arasında ikinci yerdə qərarlaşıb. Yaranma yerinə görə adlandırılan bu xəstəliyin 200-dən çox növü mövcuddur və rastgəlmə tezliyi insandan insana dəyişir.

Dəri, süd vəzi, ağciyər, prostat, mədə, yoğun bağırsaq (kolon), uşaqlıq boynu (serviks) xərçəngləri və limfa vəzisi şişləri “bədxassəli şiş” və ya “ur” kimi tanınan xəstəliyin ən geniş yayılmış növləri sırasındadır. Xərçəng adətən çoxmərhələli proses nəticəsində normal hüceyrələrin şiş hüceyrələrinə çevrilməsi ilə inkişaf edir.

Xəstəliyin əsas səbəbləri arasında genetik meyillilik, siqaret və alkoqol istifadəsi, güclü günəş şüalarına və radiasiyaya məruz qalma, kanserogen kimyəvi maddələr, bəzi viruslar, qeyri-sağlam qidalanma və hava çirklənməsi göstərilir.

ÜST-na bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına görə, dünyada hər 5 nəfərdən biri həyatının müəyyən mərhələsində xərçəngə tutulur. Agentlik 2045-ci ilə qədər qlobal miqyasda xərçəng hallarının sayının 32,6 milyona çatacağını proqnozlaşdırır. Mövcud elmi məlumatlara əsasən, xərçəng hallarının təxminən 40 faizi erkən diaqnoz qoyulduğu halda müalicə oluna bilir.

4 fevral – Ümumdünya Xərçəng Günü münasibətilə ÜST Cənub-Şərqi Asiya regionundakı vəziyyətə xüsusi diqqət çəkib. Təşkilatın məlumatına əsasən, 2022-ci ildə regionda 56 mini uşaq olmaqla 2,4 milyon yeni xərçəng halı qeydə alınıb, 1,5 milyon insan isə bu xəstəlik səbəbindən həyatını itirib.

Son illərdə regionda xərçənglə mübarizə tədbirləri intensivləşib. Xüsusilə, Butanda 2020-ci ildə əhalinin 90 faizindən çoxu mədə, uşaqlıq boynu və süd vəzi xərçəngi üzrə skrininqdən keçirilib və müsbət nəticə alan şəxslər müalicəyə cəlb olunub. Tailandda isə hər kəs üçün xərçəng müalicəsini əhatə edən tibbi sığorta proqramı tətbiq edilib.

Cənub-Şərqi Asiyanın 7 ölkəsində xərçəng qeydiyyat sistemləri yaradılıb, 8 ölkədə İnsan Papilloma Virusuna (HPV) qarşı peyvəndləmə proqramı həyata keçirilib. Regionda tütün istifadəsində dünyada ən sürətli azalma göstəricilərindən biri də qeydə alınıb.

Bununla yanaşı, ÜST regionda xərçəngə səbəb olan risk faktorlarının nəzarətdə saxlanılması ilə bağlı siyasətlərin hələ də yetərsiz olduğunu vurğulayır. Bir çox ölkədə qəbul edilən strategiyalar icra olunmur, xərçəng müalicəsi isə sağlamlıq sığortası ilə tam əhatə edilmir. Bu səbəbdən qarşısı alına biləcək milyonlarla yeni xərçəng halı ortaya çıxır.

Xəstəliyin əksər hallarda gec mərhələdə aşkarlanması müalicəni həm daha bahalı, həm də daha az effektiv edir. Eyni zamanda, region ölkələrinin artan xərçəng yükünü idarə etmək imkanları məhdud qalır və bütün ölkələrdə xəstəliyi müntəzəm izləməyə imkan verən sistemlər mövcud deyil.

Bu çərçivədə ÜST Cənub-Şərqi Asiya regionu üçün 2024–2030-cu illəri əhatə edən “Xərçəngdən Qorunma və İdarəetmə Strategiyası” hazırlayıb. Strategiya xərçəng xəstələrinin səhiyyə sistemlərinin mərkəzinə yerləşdirilməsini hədəfləyir. ÜST bildirir ki, xərçənglə yalnız hökumətlərin liderliyi, beynəlxalq tərəfdaşların dəstəyi və güclü əməkdaşlıq vasitəsilə effektiv mübarizə aparmaq mümkündür.