Uqandadan olan “Arsenal” azarkeşi Erik Kyama komandanın “Bornmut”a 1:2 hesablı məğlubiyyətindən sonra klub, futbolçular və baş məşqçi Mikel Artetaya qarşı hüquqi addım atmaq niyyətində olduğunu açıqlayıb.
Nigeriya mətbuatı və bir neçə Afrika nəşrinin yaydığı məlumata görə, Kyama 11 aprel tarixli “məhkəməyə vermək niyyəti barədə bildiriş” hazırlayıb və bunu Londondakı klub ünvanına göndərdiyini bildirib. Onun “X” hesabından da “emosional sıxıntı” səbəbilə “Arsenal”ı məhkəməyə verdiyini yazdığı paylaşım yayılıb.
Yayılan mətnə əsasən, azarkeş komandanı “peşəkar səhlənkarlıqda”, “taktiki bacarıqsızlıqda” və azarkeşlərə emosional zərər vurmaqda ittiham edir. O, oyundakı çıxışı klubun qlobal azarkeş bazası ilə “örtülü müqavilənin fundamental pozuntusu” kimi təqdim edib və futbolçuların meydanda yetərli istək, enerji və məsuliyyət göstərmədiyini iddia edib. Arteta haqqında isə oyunun “pərakəndə” və “istiqamətsiz” göründüyünü yazıb.
Qeyd edək ki, “Arsenal” aprelin 11-də evdə “Bornmut”a 1:2 hesabı ilə uduzub. Matçdan sonra Mikel Arteta nəticəni “üzə vurulan böyük zərbə” adlandırıb və azarkeşlərdən üzr istəyib. Bu da göstərir ki, komandanın oyunu yalnız sosial şəbəkədə yox, klub daxilində də ciddi narazılıq yaradıb.