Dünyanın əksər ölkələri universitetlərinin reytinqləri ilə fəxr etdiyi halda, bəzi dövlətlər ali təhsildə tamamilə fərqli yanaşmalar tətbiq edir. Avropa sərhədləri daxilində yerləşən iki ölkədə, həmçinin Afrikada bir dövlətdə klassik mənada fəaliyyət göstərən heç bir universitet yoxdur.
Universitetlər bir çox ölkə üçün təkcə təhsil ocağı deyil, eyni zamanda elm, tədqiqat və beynəlxalq nüfuz göstəricisi sayılsa da, bu ənənəvi modeli qəbul etməyən istisna ölkələr mövcuddur. Vatikan, Lüksemburq və Eritreya ali təhsili universitetlərsiz, alternativ strukturlar vasitəsilə davam etdirən nadir nümunələrdəndir.
Dünyanın həm ərazi, həm də əhali baxımından ən kiçik dövləti olan Vatikan Roma şəhərinin daxilində yerləşir və təxminən 49 hektar ərazini əhatə edir. Min nəfərdən az əhalisi olan bu mikro-dövlətdə bir dənə belə universitet yoxdur. Bunun əsas səbəbi Vatikanın klassik dövlət deyil, Katolik Kilsəsinin mərkəzi və Papanın iqamətgahı olmasıdır. Ölkədə yaşayanların böyük hissəsini din xadimləri təşkil edir və onların təhsil ehtiyacları əsasən xarici ölkələrdəki ilahiyyat fakültələri və dini seminariyalar vasitəsilə qarşılanır. Vatikan öz universitetini yaratmaq əvəzinə, Roma başda olmaqla Avropadakı çoxsaylı katolik ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Ölkə ərazisində fəaliyyət göstərən yeganə təhsil qurumu Efiopiya Kollecidir ki, bu da klassik universitet deyil, yalnız ruhani təhsili verən bir müəssisədir.
Avropanın kiçik, lakin iqtisadi baxımdan güclü ölkələrindən biri olan Lüksemburq da universiteti olmayan dövlətlər sırasındadır. Fransa, Almaniya və Belçika arasında yerləşən bu ölkədə milli miqyasda fəaliyyət göstərən böyük bir universitet mövcud deyil. Bunun əvəzində Lüksemburqda müxtəlif ixtisaslaşmış institutlar və peşə məktəbləri fəaliyyət göstərir. Bu qurumlar tələbələrə ali təhsilə hazırlıq və ya peşə yönümlü proqramlar təklif edir. Tədris əsasən lüksemburq, fransız və alman dillərində aparılır. Avropa İttifaqının üzvü olan ölkənin əlverişli coğrafi mövqeyi sayəsində gənclər qonşu ölkələrin universitetlərinə asanlıqla qəbul ola bilir. Bu səbəbdən Lüksemburqda ali təhsil almaq çox zaman ölkə xaricində oxumaq deməkdir.
Adətən bu siyahıda Vatikan və Lüksemburq qeyd edilsə də, Afrika ölkəsi olan Eritreya də diqqətçəkən nümunələrdən biridir. 1958-ci ildə yaradılan Asmara Universiteti uzun illər ölkənin yeganə ali təhsil müəssisəsi olub. Lakin hökumət 2007-ci ildə universitetin fəaliyyətini dayandırmaq qərarı verib. Bu qərardan sonra Eritreyada ali təhsil mərkəzləşdirilmiş universitet modeli əsasında deyil, dağınıq şəkildə təşkil olunub. Onun yerinə Eritreya Texnologiya İnstitutu və müxtəlif peşə yönümlü ali məktəblər yaradılıb. Bu qurumlar diplom versə də, vahid strukturda birləşmiş klassik universitet sistemi mövcud deyil. Mütəxəssislərin fikrincə, Eritreyanın ali təhsil modeli dünya miqyasında ən qeyri-adi sistemlərdən biri hesab olunur.