Ukraynaya ən çox silah verən ölkələr açıqlanıb

Kil İnstitutunun son məlumatlarına görə, Ukraynaya tank tədarükündə Polşa, artilleriya qurğularında isə ABŞ liderdir.

73

Ukraynaya ağır silah tədarük edən əsas ölkələr arasında Polşa, ABŞ, Almaniya, Niderland və Danimarka ön sıralarda yer alır.

MSNews.az xəbər verir ki, Kil Dünya İqtisadiyyatı İnstitutunun 30 aprel 2026-cı ilədək olan məlumatları əhatə edən “Ukraine Support Tracker” bazasına əsasən, Polşa Ukrayna üçün 318 tank ayırıb və onlardan 258-i çatdırılıb. Niderland 86, Danimarka 67, Çexiya 62, Almaniya isə 52-dən çox tankın təhvil verilməsini təmin edib. Avstraliya ayırdığı 49 “M1A1 Abrams” tankının hamısını çatdırıb.

Artilleriya qurğularında ABŞ liderdir: Vaşinqtonun ayırdığı 201 haubitsadan 198-i Ukraynaya verilib. Böyük Britaniya 88, İtaliya 46, Fransa 36, Almaniya isə 34 haubitsa çatdırıb.

Almaniya xüsusilə hava hücumundan müdafiə və dron sahəsində əsas donorlardan biridir. İnstitutun məlumatına görə, Berlin yalnız 2026-cı ilin mart və aprel aylarında bu istiqamətlərə üstünlük verilən 4,2 milyard avroluq hərbi yardım ayırıb.

Statistikaya yalnız açıq şəkildə elan olunan hökumətlərarası yardımlar daxildir. Məxfi saxlanılan tədarüklər nəzərə alınmadığından real göstəricilər daha yüksək ola bilər.