Siyasi ekspert Pərviz Əliyevin paylaşdığı statusda Ukrayna ətrafında gedən siyasi proseslərə dair diqqətçəkən və sərt iddialar irəli sürülür. Ekspertin fikrincə, Ukraynanın sabiq Baş Komandanı Valeri Zalujnı Britaniyanın razılığı ilə siyasi səhnəyə çıxıb və seçki kampaniyasına birbaşa Prezident Volodimir Zelenskini hədəf almaqla başlayıb.
Zalujnının 2023-cü ildəki uğursuz əks-hücumun məsuliyyətini Zelenskinin üzərinə qoyması da bu planın tərkib hissəsi kimi qiymətləndirilir.
Pərviz Əliyev hesab edir ki, Zelenski Zalujnını uzun müddətdir özünə ən təhlükəli siyasi rəqib sayır və məhz, buna görə seçkilərdən ciddi şəkildə çəkinir. Ekspertə görə, əgər Zalujnı və ya Budanov namizəd olarsa, Zelenskinin ikinci tura keçmək şansı belə qalmaya bilər. Statusda xüsusilə vurğulanır ki, Böyük Britaniyanın kəşfiyyat xidməti MI6 bu proseslərdə ABŞ-dan daha fəal və qabaqlayıcı rol oynayır.
Analizdə Qərb mediasında yayılan “üç illik müharibə planı” xəbərləri və danışıqların ABŞ-da ara seçkilərə qədər uzadılması cəhdləri də təsadüfi sayılmır. Ekspertə görə, Zelenski seçkilərin baş tutmaması üçün atəşkəs və barışıq sxemləri irəli sürür, məsuliyyəti isə cəmiyyətin üzərinə yönəltməyə çalışır. Bütün bunlar hakimiyyəti qorumağa hesablanmış addımlar kimi dəyərləndirilir.
Pərviz Əliyev nəticə olaraq bildirir ki, hazırda “klassik ingilis oyunu”nun şahidi oluruq və Zelenskinin siyasi səhnədən kənarlaşdırılması ssenarisi işə düşüb. Onun fikrincə, bu proseslər həm də Donald Trampın Ukrayna məsələsində mümkün mövqeyi ilə bağlıdır və Ukrayna yaxın vaxtlarda Zelenskinin Zalujnı ilə əvəzlənməsinə hazır olmalıdır.
Pərviz ƏLİYEV | Çin üzrə mütəxəssis