Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamağa hazırlaşır. Razılaşmanın Ciddədə rəsmiləşdirilməsi gözlənilir, detalları isə hələ açıqlanmayıb.

62

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi və təhlükəsizlik əməkdaşlığını genişləndirəcək üçtərəfli müdafiə sazişi imzalamağa hazırlaşır.

MSNews.az xəbər verir ki, “Reuters” Türkiyə rəsmisinə və regional mənbələrə istinadən sənədin avqustun 7-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində rəsmiləşdirilməsinin gözlənildiyini bildirib. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif, Pakistan ordusunun rəhbəri Asim Munir və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman iştirak etməlidir.

Razılaşmanın konkret öhdəlikləri hələ ictimaiyyətə açıqlanmayıb. “Reuters”in məlumatına görə, tərəflər saziş üzərində təxminən bir ildir işləyirlər və sənəd regionda artan təhlükəsizlik riskləri fonunda üç ölkənin hərbi əməkdaşlığını daha formal çərçivəyə salacaq.

Yeni mexanizm Səudiyyə Ərəbistanı ilə Pakistanın 2025-ci ilin sentyabrında imzaladığı Strateji Qarşılıqlı Müdafiə Sazişinin davamı kimi qiymətləndirilir. Həmin müqaviləyə görə, tərəflərdən birinə qarşı təcavüz hər iki ölkəyə qarşı hücum sayılır. Pakistanın dövlət radiosu sazişin birgə çəkindirmə imkanlarını gücləndirməyə yönəldiyini bildirmişdi.

“Bloomberg” hələ yanvar ayında Türkiyənin Səudiyyə Ərəbistanı–Pakistan müdafiə mexanizminə qoşulmaq üçün danışıqlar apardığını yazmışdı. Ankara NATO üzvü olaraq qalır və yeni razılaşmanın NATO qarşısındakı öhdəliklərinə necə təsir göstərəcəyi hələ məlum deyil.